Yuxarı

Azərbaycan kanoeçisi və dueti dünya çempionatının yarımfinalına yüksəlib - FOTO - ƏLAVƏ OLUNUB

Dünya çempionatına iyulun 31-də yekun vurulacaq

*** 13:08

Minsk. 28 iyul. REPORT.AZ/ Belarusun Minsk şəhərində yeniyetmə və 23 yaşadək kayakçı və kanoeçilər arasında dünya çempionatına start verilib. "Report"un Minskə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, "Zaslavl" avarçəkmə kanalında təşkil olunan nüfuzlu reqataya 67 ölkədən 1000-dək idmançı qatılıb.

Azərbaycan təmsilçilərindən ilk olaraq, Aleksey Kupin 23 yaşadək kanoeçilərin 1 nəfərlik qayıqla 1000 metr məsafəyə seçmə yürüşü üçün start xəttinə çıxıb. 21 yaşlı kanoeçi məsafənin ilk 1/4 hissəsinədək hamıdan öndə sonrakı 500 metrlik bölümdə 4-cü yerə enib və yekunda 4 dəqiqə 17,137 saniyə nəticə ilə 5-ci olub. O, ukraynalı Yuri Vandyuk (03:59.284), qazaxıstanlı Alişer Xayotov (04:00.489), tacikistanlı Şahriyor Daminov (04:04.952) və moldovalı İlya Opryadan (04:14.059) geri qalıb. Əvəzində Kupin tailandlı Fanufonq Jiranaronqçay (04.21.642) və braziliyalı Mayko Ferreyra dos Santosu (04:32.352) üstələyib. Azərbaycan təmsilçisi ilk "6-lığ"a düşdüyü üçün yarımfinala yüksəlib.

Aleksey Kupin daha sonra Nikita Sablinlə birgə 2 nəfərlik kanoe qayığı (C-2) ilə 1000 metr məsafəyə seçmə yürüşə də qatılıb. Bu dəfə sona yaxın tempi artıran duet finişə 3 dəqiqə 42,799 saniyəyə çatıb və 3-cü yeri tutub. Yürüşün qalibi qazaxıstanlı Sergey Yemelyanov - Timofey Yemelyanov (03:33.336) olub. Reqlamentə əsasən, onlar birbaşa əsas finala yüksəlib. Azərbaycanlı cütlük isə almaniyalı Mixael Müller - Konrad Şaybner (03:39.591), ispaniyalı Mohsin Mutahir - Qonsalo Martin (03:42.946), macarıstanlı Andraş Petko - Adam Fekete (03:45.726), latviyalı Aleks Podenski - Rudolf Seqlin (04:00.749) və filippinli Conatan Ruz - Con-Paul Selesio (04:07.314) ilə birgə yarımfinalda iştirak hüququna yiyələnib.

Yarımfinal yürüşlərinə bu gün saat 18:00-dan etibarən start veriləcək.

İyulun 29-da isə Azərbaycanın daha 2 təmsilçisi start xəttinə çıxacaq. Yeniyetmə kanoeçi Mixail Bıxkalo saat 16:55-də 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə seçmə yürüşə başlayacaq. Onun rəqibləri Bencamin Menninq (Avstraliya), Mattia Alfonsi (İtaliya), Mariuş Milu (Rumıniya), Pablo Qranya (İspaniya), Arkadi Qonçarov (Moldova), Sergey Naqornı (Ukrayna), Gilyermo Quirino Medrano (Meksika) və Konrad Nemedi (Macarıstan) olacaq. İlk "6-lığ"a düşənlər yarımfinala yüksələcəklər.

Saat 17:20-də isə yeganə kayakçımız Tamerlan Mustafayev 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə seçmə yürüşdə çıxış edəcək. O, Tilen Vidoviç (Sloveniya), Hyo Man Çonq (Makau), Conatan Delomberde (Belçika), Maks Lemke (Almaniya), Cakomo Çinti (İtaliya) və Yassin Mohamed ben Hacla (Tunis) mübarizə aparacaq. İlk "7-liy"ə düşənlər yarımfinala yüksələcəklər.

Qeyd edək ki, dünya çempionatına iyulun 31-də yekun vurulacaq.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi