​Azərbaycan güləşçisi gümüş medal qazanıb

​Azərbaycan güləşçisi gümüş medal qazanıb Kərim Cəfərov finalda Rusiya güləşçisinə uduzub
Fərdi
12 Avqust , 2015 10:43
​Azərbaycan güləşçisi gümüş medal qazanıb

Bakı. 12 avqust. REPORT.AZ/ Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb. "Report"un məlumatına görə, çempionatda hər üç güləş növü üzrə Azərbaycanın yığma komandası iştirak edir.

Çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Böyük məşqçi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında Azərbaycanı Nofəl Babayev (50 kq), Murad Məmmədov (55 kq), Kərim Cəfərov (60 kq), Ruhin Mikayılov (66 kq), Şəmistan Quluzadə (74 kq), İslam Abbasov (84 kq), Soslan Fanziyev (96 kq) və Cavid Feyziyev (120 kq) təmsil edir.

Yarışların ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində güləşçilər yarışıb. Güləşçilər günü bir gümüş medalla başa vurub.

50 kq çəki dərəcəsində mübarizə aparan Nofəl Babayev ilk görüşdə Qırğızıstandan olan rəqibinə qalib gəlsə də, Gürcüstan idmançısına məğlub olub. Rəqibin finala çıxması ilə Azərbaycan pəhləvanı təsəlliverici görüşə qatılıb. Macar güləşçi üzərindəki qələbə Babayevə bürünc medal şansı verib. Həlledici görüşdə Özbəkistan idmançısına uduzan güləşçi çempionatı 5-ci sırada tamamlayıb.

60 kq-da çıxış edən Kərim Cəfərov finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq CAR, Ermənistan, Gürcüstan və Yaponiya təmsilçiləri üzərində inamlı qələbələr qazanan güləşçi son rəqibi Rusiya pəhləvanı olub. Ancaq bu dəfə rəqibinə uduzan Kərim Cəfərov Dünya çempionatının gümüş medalına yiyələnib.

96 kq çəkidə ölkə təmsilçisi Soslan Fanziyev ilk görüşdə ABŞ idmançısını üstələyib, ardınca İran təmsilçisi ilə görüşdən məğlub ayrılıb. Rəqibin finala yüksəlməsi ona təsəlliverici görüşə qatılmaq şansı verib. Estoniyalı rəqibinə qalib gələn güləşçi bürünc medal uğrunda həlledici görüşə çıxıb. Rusiya təmsilçisi ilə görüş rəqibin xeyrinə başa çatıb və Soslan Fanziyev çempionatı 5-ci sırada tamamlayıb. 

Son xəbərlər

Orphus sistemi