Bakı. 13 noyabr. REPORT.AZ/ Avstraliyanın Vullonqonq şəhərində keçirilən cüdo üzrə Okeaniya kuboku uğrunda yarışın ilk günündə Azərbaycan cüdoçuları 3 medal qazanıb. Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, qadın cüdoçuların yarışında mübarizə aparan Ayşə Qurbanlı finalda uduzaraq turnirin gümüş medalını qazanıb.
48 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Honkonq, ABŞ və İndoneziya idmançılarına qalib gələrək finala çıxıb. Həlledici görüşdə ABŞ nümayəndəsi Ketilin Boysa məğlub olan Qurbanlı Avstraliyada ikinci yeri tutub.
60 kq çəki dərəcəsində mübarizə aparan Oruc Vəlizadə və 73 kq çəkidə yarışan Fəqan Quluzadə isə "yaşıl ada"da bürünc medal qazanıblar.
Okeaniya kuboku uğrunda mübarizə aparan daha bir qadın cüdoçu Xanım Hüseynova bürünc medal uğrunda görüşdə Lüksemburq idmançısı Teylor Kinqə uduzaraq 5-ci yeri tutub.
İsmayıl Piriyev və Tərlan Kərimovun çıxışı isə uğursuz alınıb.
Qeyd edək ki, ikinci yarış günündə Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə qoşulacaq.