“Erməni təxribatı səbəbindən vacib yarışdan imtina etdik”.
“Report” xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatından imtina edərək Vətənə qayıdan ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Ömər Cavadov (73 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ermənistan tərəfi həmişəki kimi, bu dəfə də idmanı siyasətə qatıb: “Ora bayrağımızı qaldırmağa getmişdik. Amma onların etdikləri hərəkət düzgün deyildi. Bayrağımız hər şeydən ucadır. Buradan bütün millətimizə dərin minnətdarlığımızı bildiririk. Cənab Prezidentimizə, vitse-prezidentimizə təşəkkürümüzü bildiririk ki, bizə bu cür qayğı göstərdilər, Vətənimizə qaytardılar”.
Ömər Cavadov artıq qarşıdakı yarışlar barədə düşünəcəklərini vurğulayıb: “Bundan sonrakı yarışlarda da əlimizdən gələni edəcəyik ki, bayrağımız daim ucalsın. İrəvandakı yarış olimpiada xalı qazanmaq baxımından bizim üçün önəmli idi. Ancaq qarşıda başqa yarışlar da olacaq”.
Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib.