“Heç nə sizinlə ünsiyyətə mane ola bilməz”.
"Report"un məlumatına görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov bu gün İsmayıllı, Cəbrayıl, Ağdam, Qəbələ, Şəmkir, Mingəçevir, Bərdə, Quba, Şamaxı, Lənkaran, Ağcabədi, Siyəzən, Masallı, Gəncə, Göyçay, Lerik, Şəki və Sabirabad rayon və şəhərlərindən olan yeniyetmə və gənclərlə onlayn görüşündə deyib.
Görüşün əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində yaşayan, idmanla məşğul olan uğurlu gənclərin dövlət tərəfindən daim diqqət mərkəzində olduqlarını göstərməklə bərabər, eyni zamanda onlarda idmana, təhsilə marağı daha da artırmaq, karantin dönəmində evdə qaldıqları müddətdə idmandan uzaq düşməmələrinə dəstək göstərməkdən ibarət olub.
"Bu gün müxtəlif beynəlxalq yarışlarda Azərbaycanın bayrağını zirvələrə ucaldan müxtəlif idman növləri üzrə milli yığma komandaların üzvləri üçün qapalı şəraitdə məşqlərini davam etdirmələri məqsədi ilə hər cür şərait yaradılıb. Amma, əfsuslar olsun ki, yeniyetmələr, gənclər bu gün zallara, idman qurğularına gedib, məşq edə bilmirlər. Bu, sizin diqqətdən uzaq olmağınız demək deyil. Bu gün mən sizi dinləmək, asudə vaxtınızı necə keçirdiyinizi, idmanla necə məşğul olduğunuzu bilmək istəyirəm", - nazir vurğulayıb.
Hər bir gənclə ayrı-ayrılıqda söhbət etdikdən sonra nazir onların arzu və istəklərini dinləyib. Görüşə qatılanlar nazirə diqqət üçün təşəkkür edib, qazandıqları uğurlar, regionlarında idmanın inkişafı, onları narahat edən suallar və istəkləri barədə danışıblar.
Karantin bitdikdən sonra nazir görüş iştirakçılarını Nazirliyə dəvət edəcəklərini vurğulayıb.