Ayşe Begüm Onbaşı: "Bakıda dünya çempionu olduğum üçün çox xoşbəxtəm" - MÜSAHİBƏ

Ayşe Begüm Onbaşı: "Bakıda dünya çempionu olduğum üçün çox xoşbəxtəm" - MÜSAHİBƏ Türkiyənin aerobika gimnastikası üzrə Avropa və dünya çempionu Ayşe Begüm Onbaşının "Report"a eksklüziv müsahibəsi
Fərdi
31 May , 2021 18:10
Ayşe Begüm Onbaşı: Bakıda dünya çempionu olduğum üçün çox xoşbəxtəm - MÜSAHİBƏ
Ayşe Begüm Onbaşı

Türkiyənin aerobika gimnastikası üzrə Avropa və dünya çempionu Ayşe Begüm Onbaşının "Report"a eksklüziv müsahibəsi

- Bakıdakı dünya çempionatında qızıl medal qazandınız. Təəssüratlarınız necədir?

- Əziyyətimizin qarşılığını aldığımız üçün çox xoşbəxtik. Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik. Qardaşlarımızın, azərbaycanlı idmançıların və Milli Gimnastika Arenası əməkdaşlarının dəstəkləri bizim üçün çox önəmlidir. Elə yarışdıq ki, sanki Türkiyədə idik. Eyni zamanda 28 may - Respublika günündə qızıl medal qazanmaq və bunu bütün Türkiyəyə ərməğan etmək istəmişdik. Əlimizdən gələni edərək, uğura nail olduq. Çox qürurluyuq.

- Mövcud pandemiya şəraitində dünya çempionatı rəqabət və ab-hava baxımından necə keçdi?

- Pandemiya ilə əlaqədar dünya çempionatına bütün ölkələr qatıla bilmədi. Bununla belə, 23-24 ölkə gəlmişdi. Hamısı ilə ayrı-ayrılıqda yarışdıq, bir araya gəldik. Onlar digər yarışlardan da tanıdığımız idmançılar idilər. Çox həyəcanlı ab-havada idik. Onlar da bizim kimi çox uğurlu idmançılardır. Gərgin mübarizə oldu. Yarışdan uğurla çıxdığımız üçün çox xoşbəxtik.

- Dünya çempionluğunu əldə etdikdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığınız oldu və aranızda maraqlı dialoq alındı. Dövlət başçısından gələn zəng sizin üçün sürpriz olmadı?

- Prezidentimiz idmançılarımıza və Türkiyə Gimnastika Federasiyasına böyük dəstək verir. O, hər birimizin yanındadır və hamımızı bir-bir izləyir. Buna görə hörmətli başqanımıza çox təşəkkür edirik. Mən dünya çempionu olduqdan sonra federasiya prezidentimiz Suat Çelenlə birgə dövlət başçımızla danışdıq. Ərdoğan bizə həm təbriklərini çatdırdı, həm də bizimlə qürur duyduğunu söylədi. Türkiyəyə döndükdən sonra isə onunla üz-üzə görüşəcəyik.

Ayşe Begüm Onbaşı
Ayşe Begüm Onbaşı

- "Red Bull" tərəfindən sizinlə müsahibə götürməkdən ötrü müraciət olunduğu vaxt hələ dünya çempionu olmamışdınız. Demək olarmı ki, bu şirkətlə əməkdaşlıq sizin üçün düşərli oldu?

- Təbii ki. "Red Bull" çox böyük, qlobal şirkətdir. Verdikləri dəstəklə bərabər, mənə xüsusi münasibətin olduğunu hiss edirəm. Belə deyə bilərəm: Az öncə yanımızdan fərqli-fərqli dünya çempionları da keçdi. Mən burada müsahibə verirəm, onlar isə sadəcə, növbəti yarışlara və ya komanda yoldaşlarını dəstəkləməyə yollanırlar. Həqiqətən də çox gözəl tərəfdaşdır. Bizə özünü ailəmiz kimi hiss etdirir. Onlarla bərabər danışıb-əylənərkən çox rahat oluruq. Hər şey öz axarı ilə gedir.

- Akhisar şəhərində doğulmusunuz. Azərbaycanda olduğu kimi, Türkiyədə də qızların bəzi idman növləri ilə məşğuliyyəti mentalitet baxımından müəyyən çətinliklərlə müşayiət olunur. Necə oldu ki, ailənizdən aerobika ilə məşğul olmağınıza icazə verdilər?

- Atam və anam da müxtəlif idman növləri ilə məşğul olublar. Məni idmana onlar yönləndirdilər. 3 yaşımda ikən baletə getməyə başladım. Orada ispaniyalı balet müəllimim məni kəşf etdi və bədii gimnastikaya yönləndirdi. Daha sonra aerobika gimnastikasına istiqamət aldım. Artıq 10 ildir yarışlara qatılır, 8 ildir yığma komandada, son 4 ildə isə əsas millidə yer alıram. Təbii ki, burada ailə dəstəyi çox önəmlidir. Buna görə də ailəmə, böyüklərimə çox təşəkkür edirəm.

- Deməli, Türkiyədə qızların idmanla məşğuliyyətinə ciddi əngəl yoxdur...

- Xeyr, əksinə, qız idmançılar çox dəstəklənirlər. Zərif cins nümayəndələrinin idmanla məşğul olmaları, təhsil almaları, musiqi dərslərinə getmələri baxımından çox şanslı olduğumuzu düşünürəm. Özüm də kiçik həmcinslərimə əlimdən gəldiyi qədər dəstək olmağa çalışıram. Mənə azyaşlı qızlar yazırlar, onlara imkan olduqca cavab verməyə çalışıram. Mənim söyləyəcəyim bir cümlə onların gələcəkdə idmana başlamalarına səbəb ola bilər. Bəlkə də öz tövsiyələrimi gələcəyin çempionlarına vermiş oluram. Bunlar çox önəmli amillərdir. Əlimə fürsət düşdükcə, hamısını yönləndirməyə çalışıram. Qızlara dəstək veririk və belə də davam edəcəyik.

- Hərəyə bir dəfə Avropa və dünya çempionu olsanız da, müxtəlif turnirlərdə xeyli medal əldə etmisiniz. Buna görə də sizə "Medal canavarı" ləqəbi verilib...

- Mən yarışlara 2010-cu ildən qatılsam da, 2016-cı ildə yeniyetmələr arasında dünya çempionu olduqdan sonra gündəmə gəldim, Türkiyədə aerobika gimnastikası daha çox tanındı. Qatıldığımız bütün turnirlərdə müntəqəm olaraq, çoxlu sayda medallar qazanırdım. Bir müddət sonra mənə "Medal canavarı" deyilməyə başladı. Təbii ki, kiçik yaşlarından mənə belə bir ləqəbin verilməsi çox məmnunedici olaydır. Çünki bu, davamlı olaraq, medallar qazandığımızı və əməyimizin qarşılığını aldığımızı göstərir.

- Hazırda Türkiyədə aerobikaya maraq hansı səviyyədədir?

- İndi yaşadığım Manisa bölgəsində aerobika gimnastikası həqiqətən də çox inkişaf edib. Türkiyənin Gənclər və İdman Nazirliyi, Gimnastika Federasiyası və digər qurumlar bizi daim dəstəkləyirlər. Bu mənada çox şanslıyıq. Nə ehtiyacımız olsa, dərhal kömək edirlər. Buna görə də hər kəsə təşəkkür edirəm. Basketbol salonunda məşq edən ölkələrin olduğunu nəzərə alsaq, bizim birdən çox podimumuz var, öz zalımızda məşq edirik. Zatən inkişafın təməlində bütün bunlar durur.

- Dəfələrlə səfər etdiyiniz Azərbaycanda aerobika gimnastikasına və ümumilikdə gimnastikaya diqqət və marağı necə dəyərləndirirsiniz?

- Azərbaycanlı gimnastları yaxından tanıyırıq. Müxtəlif yarışlarda üz-üzə gəlirik. Canımıza çox yaxındırlar. Qarşılaşdığımız vaxt "Qardaşım" deyə salamlaşaraq, yolumuza davam edirik. Bir-birimizi çox sevirik və qarşılıqlı şəkildə dəstəkləyirik. Azərbaycan xüsusən, akrobatika gimnastikasında böyük yüksəlişə nail olub, aerobikanın aerodans növündə isə komanda şəklində qızıl medal qazandı. Daha əvvəl isə Avropa çempionu olmuşdular. Onları heyranlıqla izləyirik. Biz də Azərbaycan komandasının qızıl medal qazanmasından çox məmnun oluruq, qürur duyuruq.

- İdmandankənar məşğuliyyətləriniz nədən ibarətdir?

- Məşqlərimiz 8-9 saat çəkir. Qalan müddətdə istirahət etməyə və ailəmlə vaxt keçirməyə çalışıram. Yarışlardankənar müddətdə hobbilərimə vaxt ayıra bilirəm. Gündəlik həyatımda kitab oxumaq, musiqi dinləmək və meditasiya etmək məni rahatlaşdırır. Evdə balet məşqlərim olur. Ailəm və dostlarımdan əlavə, pişiyimlə vaxt keçirmək məni xoşbəxt edir.

- Aerobika həm də rəqs deməkdir. Sizin çıxışınızda İspaniya-Meksika üslublu musiqi üzərində idi. Daim çıxışlarınızda belə rəqslərə üstünlük verirsiniz?

- Bir növ o musiqini bədənimizə geyinərək, onu tam anlamı ilə hiss edib-hiss etdirərək yarışmağımız lazım gəlir. Dəyərləndirmə meyarlarımızda artistlik də var. Bizə yaraşan, məmnun olacağımız musiqilərə üstünlük verməyə çalışırıq. Daha çox Latın Amerikası üslublu mahnılarla rəqs edirəm.

- İdmançılar sözlərini adətən, səhnədə deyirlər. Amma sizdə həm səhnə, həm də natiqliq bacarığı yüksək səviyyədədir. Belə bir savad nədən irəli gəlir?

- Mən hazırda iki ali məktəbdə təhsil alıram. Biri İstanbul İnkişaf Universitetinin İdman bilikləri, digəri isə İstanbul Universitetinin Biznes fakültəsidir. Hazırda təhsilim davam edir, üçüncü kursa keçirəm.

- Yəqin ki, hazırkı səviyyəyə çatanadək problemlərlə də üzləşmisiniz…

- 2014-cü il dünya çempionatında 12 - 14 yaşlıların mübarizəsinə qatılmışdım. Triolar kateqoriyasında gözəl çıxış etdim. Fərdi mübarizədə isə yerə kürəyim üstündə düşdüm. Seçmə mərhələdən finala birinci yerin sahibi kimi yüksəlmişdim və çempionluq üçün yarışırdım. Kürəyim üstündə düşdüyüm üçün gözlənilmədən 6-cı oldum. O gündən durmadan, yorulmadan çalışmağın nə olduğunu öyrəndim. Həmin hərəkəti 200 dəfə təkrarladım. Həddindən artıq çalışmağın, 90 saniyəlik proqramdan ötrü hər bir hərəkətin mükəmməl alınmasının gərəkliyini oradan öyrəndim. Hazırda kürəyimdə 4 yerdən yırtıq var və yırtıqların əmələ gəlməsinin səbəblərindən biri məhz həmin uğursuzluqla üzləşdiyim turnirdir.

- Mətbəxə marağınız necədir: Özünüzün yemək bişirməyə vaxtınız olur?

- Əlbəttə. Evdə olduğum vaxt yemək hazırlamağa kömək edirəm. İdmançılar üçün lazım olan yeməklər hazırlayaraq, məşqlər edirik. Artıq çəki yaranmaması üçün salatlarla daha çox qidalanmağımıza ehtiyac var. Ona görə də dietamızı düzənləyirik. Dolma bişirə bilirəm.

- Bəzi komandalar yarışlara gedəndə özləri ilə aşpaz da aparırlar. Bu baxımdan, Azərbaycan mətbəxi sizin üçün yeni deyil?

- Xeyr, əksinə, çox bənzər mətbəxdir. Buna görə də çox xoşbəxtik. Məsələn, Cənubi Koreya və ya Meksikaya getdiyimiz vaxt fərqli mədəniyyətlərlə qarşılaşırıq. Azərbaycan həm məsafəcə, həm də yemək mədəniyyəti baxımından çox uzaqda deyil. Burada sevdiyim yemək isə qaysılı düyüdür (gülür - red.). Gözəl souslu yeməkləriniz var.

Son xəbərlər

Orphus sistemi