Avropa Oyunları: Azərbaycan badmintonçuları çıxışlarını başa vurublar - YENİLƏNİB
- 29 iyun, 2023
- 14:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın qadın badmintonçusu Keyşa Fatimə Zəhra Polşada təşkil olunan III Avropa Oyunlarında çıxışını başa vurub.
“Report”un məlumatına görə, kişi badmintonçu Edi Reski Dviçayodan sonra o da fərdi kateqoriyada 1/8 final mərhələsində mübarizəni dayandırıb.
Zəhra bu raundda İsveçrə təmsilçisi Jenjira Stadelmanna məğlub olub. Azərbaycan idmançısı ilk hissəni öndə tamamlasa da, ümumilikdə 1:2 (21:16, 12:21, 15:21) hesabı ilə uduzub.
Həm Keyşa Fatimə Zəhra, həm də Edi Reski Dviçayo olimpiya təsnifat mərhələsində 3600 reytinq xalları toplayıblar.
15:58
Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Polşada təşkil olunan III Avropa Oyunlarında medalsız qalıb.
“Report”un məlumatına görə, fərdi kateqoriyada qrup mərhələsində ardıcıl üç qələbə qazanan idmançı 1/8 finalda mübarizəni dayandırıb.
O, Finlandiya təmsilçisi Kalle Kolyonenə məğlub olub. Hər iki hissədə Azərbaycan badmintonçusunu üstələyən Kolyonen (2:0 - 21:18, 21:14) 1/4 finala yüksəlib.
Qeyd edək ki, qadın badmintonçu Keyşa Fatimə Zəhra bu gün fərdi kateqoriyada 1/8 final görüşünə çıxacaq.