Bakı.17 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 2010-cu ildə Bakıda Azərbaycan və rus dillərində işıq üzü görmüş “Ömrümün illəri və izləri” adlı iri həcmli xatirələr kitabı bu günlərdə Vyetnamın paytaxtı Hanoy şəhərində çap edilib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, Vyetnamda akademik Xoşbəxt Yusifzadənin şəxsiyyətinə və ömür yoluna böyük maraq göstərirlər. "Bu, təsadüfi deyil. Ötən əsrin 70-80-ci illərində Azərbaycan Sənaye İnstitutunun - indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geoloji-kəşfiyyat fakültəsində Dövlət İmtahan Komissiyasının sədri olarkən Vyetnamın gənc neft sənayesi üçün yüksək ixtisaslı kadrların hazırlanmasında X.Yusifzadənin böyük rolu olub. Vyetnam Sosialist Respublikası qarşısında xidmətlərinə görə akademik ölkənin “Dostluq” ordeni ilə təltif olunub. Ona bu orden 2014-cü ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Vyetnama səfəri çərçivəsində təqdim olunub", - məlumatda qeyd edilib.