Xoşbəxt Yusifzadənin fransız dilində nəşr olunmuş kitabının təqdimatı keçirilib

Xoşbəxt Yusifzadənin fransız dilində nəşr olunmuş kitabının təqdimatı keçirilib Bu gün Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I Vitse-Prezidenti, akademik Xoşbəxt Yusifzadənin fransız dilində nəşr olunmuş “Ömrümün illəri və izləri” kitabının təqdimat mərasimi keçirilib.
Energetika
17 Sentyabr , 2019 12:44
Xoşbəxt Yusifzadənin fransız dilində nəşr olunmuş kitabının təqdimatı keçirilib

Bu gün Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I Vitse-Prezidenti, akademik Xoşbəxt Yusifzadənin fransız dilində nəşr olunmuş “Ömrümün illəri və izləri” kitabının təqdimat mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbirdə çıxış edən “Total-Absheron” şirkətinin baş meneceri Denis Lemarchal X. Yusifzadənin həyat və yaradıcılığından danışıb. O bildirib ki, X. Yusifzadənin fransız dilində nəşr olunan “Ömrümün illəri və izləri” kitabına, xüsusilə də bu kitabın fransız dilində olan nəşrinə böyük dəyər verir.

O qeyd edib ki, X. Yusifzadənin nüfuzu Azərbaycan sərhədlərini aşıb və o, dünya səviyyəsində tanınır. O, X. Yusifzadənin Azərbaycanın neft və qaz sektoru, aparılan qazma işləri, xüsusilə də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağının geoloji-kəşfiyyatı və aşkar edilməsində böyük əməyindən danışıb.

“Total”ın meneceri vurğulayıb ki, bu kitab gələcəkdə dərslik kimi istifadə edilə bilər və kitab bu ilin oktyabr ayında baş tutacaq kitab sərgisində böyük ictimaiyyətə təqdim ediləcək.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanı çıxış edərək bildirib ki, bu kitab bir neftçi alimin manifestidir: “Bu kitab bugünkü gənclər və tələbələr üçün bir örnəkdir”.

O qeyd edib ki, X. Yusifzadə ADNSU-nu ilə daima maraqlanır və universitetlə bağlı hər bir xırda məsələ onun diqqətindədir. Bu gün ADNSU-nun iki nəfər tələbəsi X. Yusifzadənin adına təsis edilmiş təqaüdlə təmin edilir.

SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov isə çıxışında X. Yusifzadəni canlı əfsanə adlandırıb və bildirib ki, o, Azərbaycan dənizçilərinin rəmzidir: “Ulu Öndər Heydər Əliyev onun xətrini çox istəyirdi. Azərbaycan Prezidenti İlham Əliyev onun xətrini hər zaman əziz tutur. Onun adı dahi neftçilərin sırasına artıq qızıl həriflərlə yazılıb”.

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Akif Əlizadə X.Yusifzadənin elmi yaradıcılığından geniş danışıb.

Daha sonra SOCAR-ın birinci vitse-prezidentinin müşaviri və kitabın redaktoru Ələkbər Abbasov kitabın ərsəyə gəlməsindən bəhs edib. O, kitabın fransız dilində olunan nəşrində onun adının olmasından qürur hissi duyduğunu bildirib.

Daha sonra “Ömrümün illəri və izləri” kitabının müəllifi, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə çıxış edərək kitabın ərsəyə gəlməsində əməyi olan insanlara təşəkkür edib. O, Fransaya səfərlərindən və Azərbaycanın Fransanın “Total” şirkəti ilə əməkdaşlığından geniş danışıb. O qeyd edib ki, hazırda “Total” şirkətindən başqa, Azərbaycanda 40-a yaxın Fransa şirkəti fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi