Yuxarı

​"Wincor Nixdorf" SOCAR-ın İsveçrədəki xidmət stansiyaları üçün sifariş alıb

Şirkət xidmət stansiyalarını qurğu təminatı, proqram təminatı və xidmətlə təmin edəcək

Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsveçrədəki törəmə şirkəti "SOCAR Energy Switzerland" 149 xidmət stansiyası üçün "Wincor Nixdorf" şirkətinə qurğu təminatı, proqram təminatı və xidmət sifarişi verib.

"Report" xəbər verir ki, bu barədə "Wincor Nixdorf" şirkətinin rəsmi saytında məlumat yayılıb.

"Wincor Nixdorf" SOCAR-ın xidmət stansiyalarında "200 Beetle/M III" satış sistemi məntəqələri, NAMOS proqram təminatı və 149 "Fusion 6000" quraşdıracaq.

Qurğu təminatı və proqram təminatına əlavə olaraq, müqavilə birinci, ikinci və üçüncü səviyyə xidmətlərin və bütün sahə xidmətinin təlimini əhatə edir.

Qeyd edək ki, "SOCAR Energy Switzerland GmbH" in Sürixdəki baş ofisində və digər törəmə qurumlarında 800 nəfər çalışır.

2011-ci il noyabrın 16-da İsveçrənin Sürix şəhərində Azərbaycan Dövlət Neft Şirkəti ilə "Exxon Mobil Central Europe Holding GmbH" şirkəti arasında Amerikanın "Exxon Mobil" şirkətinin İsveçrə filialı olan "Esso Schweiz GmbH" şirkəti səhmlərinin alqı-satqısı üzrə müqavilə imzalanıb.

"Esso Switzerland"ın alınması ilə həmin şirkətə məxsus 170-dən çox yanacaqdoldurma məntəqəsini özündə birləşdirən pərakəndə satış şəbəkəsi, şirkətin sənaye və topdansatış müştəriləri üçün yanacaq marketinqi ilə məşğul olan qurumu, Vangen-Oltendəki Qazdoldurma zavodu, eyni zamanda, İsveçrənin Cenevrə və Sürix hava limanlarındakı aviasiya yanacaqdoldurma məntəqələri və müvafiq müştərək müəssisələrin səhmləri, eləcə də terminallara və boru kəmərlərinə malik müştərək müəssisəyə nəzarət edən İsveçrə təchizat və paylama şirkətinin səhmləri SOCAR-ın sərəncamına keçib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi