Vitali Bəylərbəyov: “TAP-la İtaliyaya çatdırılacaq qazın həcmi hazırkı istehlakın təxminən 12%-nə bərabərdir”

Vitali Bəylərbəyov: “TAP-la İtaliyaya çatdırılacaq qazın həcmi hazırkı istehlakın təxminən 12%-nə bərabərdir” Kəmərin tikintisinin 57%-i tamamlanıb
Energetika
18 Oktyabr , 2017 10:47
Vitali Bəylərbəyov: “TAP-la İtaliyaya çatdırılacaq qazın həcmi hazırkı istehlakın təxminən 12%-nə bərabərdir”
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov / Report

Bakı. 18 oktyabr. REPORT.AZ/ Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinin 57%-i tamamlanıb.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov İtaliyanın "AGİ" saytına müsahibəsində bildirib.

“İtaliya hakimiyyətindən alınan bütün icazələr və İtaliya Konstitusiya Məhkəməsinin bu yaxınlarda qəbul etdiyi qərar TAP layihəsinin hazırkı 57%-dən sürətlə irəliləməsinə və gözlənildiyi kimi, 2020-ci ildə 100%-ə çatmasına imkan verəcək. Birinci mərhələdə TAP-la İtaliyaya 8 mlrd. kubmetr qaz nəql olunacaq. Bu isə İtaliyanın hazırkı istehlakının təxminən 12%-nə bərabərdir. Buna görə də artıq ikinci fazanı planlaşdırmağa ehtiyac var. İkinci fazanın həyata keçirilməsi İtaliyaya və digər ölkələrə çatdırılacaq həcmin ikiqat artmasına imkan yaradacaq, qiymətlərin dinamikasına müsbət təsir göstərəcək. Bu isə İtaliyanı Avropanın hazırkı qaz habları olan Niderland və Avstriya kimi haba çevirəcək”,- SOCAR rəsmisi qeyd edib.

Onun sözlərinə görə, TAP layihəsi İtaliya iqtisadiyyatına müsbət təsir göstərəcək. O xatırladıb ki, İtaliyada şirkətlərlə mövcud sazişlərin dəyəri təxminən 7 mlrd. dollar təşkil edir.

Layihənin ətraf mühitə təsiri məsələsinə gəlincə V. Bəylərbəyov bildirib ki, layihənin tikintisi və əməliyyat müddətində ətraf mühitə heç bir mənfi təsiri olmayacaq: “Bundan başqa, biz həm də regionun inkişafında əsas tərəfdaş olacaq, onun tərəqqisinə, daha çox məşğulluğun yaradılmasına kömək edəcəyik və boru kəmərinin keçdiyi ərazini İtaliya və Avropa üçün strateji əraziyə çevirəcəyik”.

Qeyd edək ki, 2013-cü il sentyabrın 19-da “Şahdəniz” qazının Avropa alıcıları olacaq 9 şirkətlə 25 illik qaz satışı sazişləri imzalanıb. İlkin mərhələdə Avropaya çatdırılacaq 10 mlrd. kubmetr ümumi həcmdən hər birinə təqribən 1 mlrd. kubmetr olmaqla Bolqarıstan və Yunanıstanı təchiz etmək niyyətində olan alıcılara, qalanı isə İtaliyanı və ona bitişik bazar mərkəzlərini təchiz etmək niyyətində olan alıcılara ötürüləcək.

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə ilkin olaraq "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi