Valeh Ələsgərov: "Yeni "AÇG" sazişində yerli şirkətlərin iştirakı xüsusi qeyd olunub"

Valeh Ələsgərov: "Yeni "AÇG" sazişində yerli şirkətlərin iştirakı xüsusi qeyd olunub" Milli Məclisin vitse-spikeri: "Azərbaycanın maraqları ən yüksək səviyyədə qorunub"
Energetika
31 Oktyabr , 2017 13:04
Valeh Ələsgərov: Yeni AÇG sazişində yerli şirkətlərin iştirakı xüsusi qeyd olunub

Bakı. 31 oktyabr. REPORT.AZ/ "Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, "Çıraq” yataqları və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında yenilənmiş sazişdə Azərbaycan şirkətlərinin üstünlüyünü təmin etmək üçün yerli şirkətlərin iştirakı xüsusi qeyd olunub. Bu layihədən aldığımız pullarla Azərbaycanda müvafiq infrastruktur yaradılır".

"Report"un verdiyi xəbərə görə, bunu Milli Məclisin bugünkü plenar iclasında sədr müavini Valeh Ələsgərov bildirib.

Xəzərin ekoloji vəziyyəti ilə bağlı iradlara cavab olaraq vitse-spiker deyib ki, bu layihədə aparılan işlər ən yüksək ekoloji tələblərə cavab verir: "Azərbaycanın layihədən aldığını heç bir dövlət bu cür layihələrdən almayıb. Azərbaycanın maraqları ən yüksək səviyyədə qorunub".

V.Ələsgərov bildirib ki, layihə üzrə kapital xərclərinin həcmini indidən dəqiq demək çətindir: "İşin gedişindən asılı olaraq, bu, 33 mlrd. dollardan çox və ya az ola bilər. Çünki yatağın işlənilməmiş hissəsində iş aparılacaq. Həmçinin, bu, bazarda neftin qiymətindən də asılı olacaq. Buna görə də, kimsə bunu dəqiq proqnozlaşdıra bilməz".

Qeyd edək ki, bu gün Milli Məclisdə sentyabrın 14-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Azerbaijan (ACG) Limited”, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, TP, “Itochu” və “ONGC Videsh” şirkətləri arasında imzalanmış Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, Çıraq” yataqları və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya olunub.

Son xəbərlər

Orphus sistemi