Türkmənistanda 2024-cü ilin birinci yarısında təbii qaz hasilatının həcmi 40,2 milyard kubmetr təşkil edib.
“Report” xəbər verir ki, bunu ölkənin Dövlət Statistika Komitəsinin sədri Dövlətgəldi Amanmuhammedov ölkənin Nazirlər Kabinetinin geniş iclasında bildirib.
Onun sözlərinə görə, bu dövrdə neft hasilatı 4,16 milyon ton təşkil edib. O, göstəricilərin dinamikasını dəqiqləşdirməsə də, qeyd edib ki, birinci yarımildə neft bitumunun istehsalı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz, mazut istehsalı isə 31,7 faiz artıb.
Xatırladaq ki, Türkmənistan Asiya neft və qaz bazarında ən böyük oyunçudur. Ölkənin karbohidrogen ehtiyatları 71 milyard tondan çox neft ekvivalentində qiymətləndirilir ki, bu da 20 milyard tondan çox neft və 50 trilyon kubmetrdən çox təbii qaz deməkdir.
Türkmənistan təsdiqlənmiş təbii qaz ehtiyatlarına görə dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yerdədir.