Türkiyə 7 ayda Azərbaycan qazını alan ölkələr arasında liderliyini qoruyub
- 23 sentyabr, 2024
- 08:20
Azərbaycan bu ilin yanvar-iyul aylarında Türkiyəyə 5 milyard 830 milyon 108,78 min kubmetr təbii qaz ixrac edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Hesabat dövründə Türkiyəyə tədarük edilən Azərbaycan qazının dəyəri 1 milyard 814 milyon 954,53 min ABŞ dolları təşkil edib.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ixrac kəmiyyət ifadəsində 3,3 % artıb, dəyər ifadəsində isə 14,5 % azalıb.
Ümumilikdə, bu ilin 7 ayında Azərbaycan 4 milyard 755 milyon 767,7 min ABŞ dolları məbləğində (1,9 dəfə az) 13 milyard 845 milyon 429,22 min kubmetr qaz (3,2 % çox) ixrac edib. Ümumilikdə, hesabat dövründə 6 ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana qaz tədarükü həyata keçirilib.
Hesabat dövründə Azərbaycan qazının alış həcminə görə TOP 3-ə Türkiyə, İtaliya və Bolqarıstan daxildir.
Türkiyə Azərbaycan qazının alışında birinci yeri tutub ki, yanvar-iyul aylarında Azərbaycandan ixrac edilən qazın 42,1 %-i Türkiyənin payına düşüb.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan Türkiyəyə 3 milyard 681 milyon 484,94 min ABŞ dolları dəyərində (66,7 % çox) 10 milyard 854 milyon 265 min kubmetr qaz (2022-ci illə müqayisədə 58,4 % çox) ixrac edib.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.