Tokayev: “Qazaxıstan, Azərbaycan və Özbəkistan "yaşıl enerji” sahəsində irimiqyaslı layihə üzərində işləyir”

Tokayev: “Qazaxıstan, Azərbaycan və Özbəkistan "yaşıl enerji” sahəsində irimiqyaslı layihə üzərində işləyir” Qazaxıstan Özbəkistan və Azərbaycanla birlikdə "yaşıl enerji”nin Avropa İttifaqı (Aİ) bazarına ötürülməsi üçün Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin tikintisi ilə bağlı irimiqyaslı layihə üzərində işə başlayır.
Energetika
4 aprel 2025 11:26
Tokayev: “Qazaxıstan, Azərbaycan və Özbəkistan yaşıl enerji” sahəsində irimiqyaslı layihə üzərində işləyir”

Qazaxıstan Özbəkistan və Azərbaycanla birlikdə "yaşıl enerji”nin Avropa İttifaqı (Aİ) bazarına ötürülməsi üçün Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin tikintisi ilə bağlı irimiqyaslı layihə üzərində işə başlayır.

“Report”un Səmərqəndə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Mərkəzi Asiya – Avropa İttifaqı" sammitində çıxışı zamanı bildirib.

K.Tokayev ölkəsinin Avropanın etibarlı karbohidrogen təchizatçısı olaraq qaldığını bildirib. "Avropa İttifaqının bütün neft idxalının təxminən 13 %-i ölkəmizin payına düşür ki, bunun da əsas hissəsi Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə nəql edilir. Biz Aİ-nin bu konsorsiumun sabit və uzunmüddətli fəaliyyətinin təmin edilməsinə yönəlmiş dəstəyini yüksək qiymətləndirir və eyni zamanda xammalın nəqli üçün alternativ marşrutları inkişaf etdiririk", - o qeyd edib.

Prezident vurğulayıb ki, Qazaxıstan bərpa olunan enerji və ekoloji təmiz yanacaq sahəsində mühüm layihələr həyata keçirir, külək və günəş enerjisi güclərini artırır.

"Biz həmçinin çoxdankı tərəfdaşlarımız olan “Total”, “Eni”, “Svevind” və digər Avropa şirkətləri ilə birlikdə "yaşıl hidrogen” istehsalı ilə bağlı layihələri inkişaf etdiririk. Bundan başqa, Qazaxıstan Özbəkistan və Azərbaycanla birgə "yaşıl enerji”nin Xəzər dənizi vasitəsilə Avropa bazarlarına ötürülməsi xəttinin tikintisi ilə bağlı irimiqyaslı layihə üzərində işə başlayır", - K.Tokayev bildirib.

Qazaxıstan liderinin sözlərinə görə, ölkə Aİ iqtisadiyyatı üçün zəruri olan 34 xammal növündən 19-nu, o cümlədən uran, titan, mis, litium, kobalt, volfram və s. istehsal edir. "Avropa Yenidənqurma və İnkişaf Bankı (EBDR) ilə saziş çərçivəsində biz həmçinin geoloji kəşfiyyat, mədən sənayesində qabaqcıl və davamlı təcrübələrin tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsi prosesinə cəlb olunmuşuq. Qazaxıstan təmiz enerji istehsalında mühüm rol oynayır və qlobal nüvə yanacağı təchizatının təxminən 40 %-ni təmin edir", - o söyləyib.

Orphus sistemi