Teodora Georgieva: "IGB-nin Moldova və Ukrayna üçün enerji təhlükəsizliyi baxımından əhəmiyyəti yalnız artacaq"

Teodora Georgieva: "IGB-nin Moldova və Ukrayna üçün enerji təhlükəsizliyi baxımından əhəmiyyəti yalnız artacaq" Azərbaycandan Bolqarıstana təbii qazın tədarükü üçün Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) 2022-ci il oktyabrın 1-də kommersiya istismarına verilib. Hazırda onun tutumu ildə 3 milyard kubmetrdir, ancaq onun ötürücülük qabiliyyətini 5 milyard kubmet
Energetika
23 İyul , 2024 15:22
Teodora Georgieva: IGB-nin Moldova və Ukrayna üçün enerji təhlükəsizliyi baxımından əhəmiyyəti yalnız artacaq

Azərbaycandan Bolqarıstana təbii qazın tədarükü üçün Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) 2022-ci il oktyabrın 1-də kommersiya istismarına verilib. Hazırda onun tutumu ildə 3 milyard kubmetrdir, ancaq onun ötürücülük qabiliyyətini 5 milyard kubmetrə çatdırmaq üçün potensialı var. İnterkonnektor Bolqarıstanı Cənub Qaz Dəhlizi (SGC) ilə birləşdirir və Şaquli Qaz Dəhlizinin bir hissəsidir. Bu boru kəməri yeni mənbələrdən təbii qaza çıxışı təmin etməklə regionda enerji əlaqəsini və təhlükəsizliyi gücləndirir.

Layihə operatoru olan ICGB-nin icraçı direktoru Teodora Georgieva “Report”a müsahibəsində IGB-nin istismara verildiyi gündən bəri fəaliyyəti və bu kəmərin inkişafı ilə bağlı gələcək planlar barədə danışıb.

- Boru kəmərin istismara verildiyi gündən bəri İGB-nin fəaliyyətini necə qiymətləndirirsiniz?

- IGB interkonnektorunun kommersiya istismarı 2022-ci ilin oktyabrında, şübhəsiz ki, regionun enerji təhlükəsizliyi üçün asan olmayan bir vaxtda başlayıb. Əvvəldən bizim məqsədimiz Bolqarıstanın bir təbii qaz mənbəyindən, xüsusən də Rusiyadan tədarükdən asılılığını azaltmağa kömək etmək idi və deməliyəm ki, biz bunun öhdəsindən uğurla gəldik.

IGB qaz kəməri Trans-Adriatik Boru Kəməri (TAP) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Cənub Qaz Dəhlizi ilə birbaşa əlaqəli olan Bolqarıstana şaxələndirilmiş təbii qaz tədarükü üçün ilk marşrut olub. Kəmərin istismara verilməsinin təsiri dərhal özünü göstərdi və qısa müddətdə həm biznes, həm də əhali üçün əlverişli olan optimal qiymətlərə nail olundu.

Qaz kəməri bütün region üçün enerji əlaqələrinin genişləndirilməsində əsas rol oynayır. Bolqarıstan və Yunanıstan bazarlarına həm təbii qazın idxalı, həm də ixracı üçün yeni imkanlar yaradıldı. Bundan əlavə, onun rolu daha geniş kontekstdə vacibdir: Rusiyanın 2025-ci ilin yanvarında Ukrayna ərazisindən qaz tranzitini dayandırmağı planlaşdırdığını nəzərə alsaq, İGB vasitəsilə tədarüklər Trans-Balkan Qaz Kəməri ilə Moldova və Ukraynaya göndərilə bilər.

Qeyd etmək lazımdır ki, IGB-nin işə salınmasından sonrakı ilk aylarda bu iki ölkəyə ixrac təcrübəmiz artıq var və bu iki ölkənin enerji təhlükəsizliyinin qorunması üçün interkonnektorun əhəmiyyəti indi yalnız arta bilər.

ICGB şirkəti bu yaxınlarda istifadəyə verilmiş qaz kəmərinin müntəzəm işləməsinə kömək edən peşəkarlardan ibarət komanda toplayıb. Fəaliyyətə başlayandan bir il yarımdan artıq müddətdə, bir dəfə də olsun qəzaya yol verməmiş, hər gün qazın fasiləsiz tədarükünü təmin etmişik. Bizim əsas məqsədimiz bütün şəbəkə istifadəçiləri və müştərilər üçün etibarlı və təhlükəsiz təbii qaz nəqlini təmin etməkdir. İstifadəyə verildiyi vaxtdan bəri IGB boru kəməri 2 milyard kubmetrdən çox qaz nəql edib və 40-dan çox qeydiyyatdan keçmiş şəbəkə istifadəçisinə çatmağa imkan verib.

- IGB-nin tutumunun ildə 5 milyard kubmetr və ya daha çox qazla artırılması ilə bağlı perspektivlər nədən ibarətdir? Bu genişlənmənin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılırmı?

- Hazırda IGB-nin ötürücülük qabiliyyəti ildə 3 milyard kubmetrdir. Ancaq haqlısınız - bu gücü ildə 5 milyard kubmetrə qədər artırmaq olar. İnanırıq ki, bu, uzunmüddətli perspektivdə regional bazara fayda verəcək, buna görə də ICGB genişləndirmə layihəsinə sadiqdir.

Regional qazpaylayıcı şəbəkələrlə birgə biz “Şaquli Qaz Dəhlizi” təşəbbüsü çərçivəsində IGB-nin texniki imkanlarını artırmaq üçün bazar tələbinin qiymətləndirilməsi prosesinə başlamışıq.

Bu proses davam edir, lakin mövcud bazar qeyri-sabitliyi fonunda bütün göstəricilər müsbət deyil. Bununla belə, ICGB əlavə nəqliyyat xidmətlərinə tələbi mütəmadi olaraq qiymətləndirməyə davam edəcək və biz genişləndirmə prosesinə sadiq qalırıq. Hazırda bu layihənin maliyyələşdirilməsi üçün variantların axtarışı üzərində işləyirik.

- ICGB 2024-cü il iyulun 1-də Yunanıstan-Bolqarıstan interkonnektorunun sərbəst tutumunun rezervasiyası ilə bağlı illik tenderlərə başlayıb. Bu proses nə qədər davam edəcək və şirkətlər qaz kəmərinin sərbəst tutumunun rezervasiyasına maraq göstərirlərmi?

- ICGB 2024-cü il iyulun 1-də Avropa Şəbəkəsinin Qaz Nəqli Sisteminin operatorlarının vahid platformasının (ENTSOG) hərrac təqviminə uyğun olaraq mövcud tutum üçün illik tenderləri başlayıb. ICGB tərəfindən növbəti beş qaz ili üçün bu hərraclarda təklif olunan mövcud güc reallaşdırılmamış qaldı.

Komandamız bu nəticələri diqqətlə təhlil edib və hesab edir ki, cari bazar şərtləri belə bir nəticənin əldə olunmasında həlledici rol oynayıb.

Əhəmiyyətli bir amil, çox güman ki, Aleksandrupolis üzən mayeləşdirilmiş təbii qaz anbarının (FSRU) açılmasının gecikməsidir, çünki onun infrastrukturu IGB ilə sıx bağlıdır. Bu iki layihə tez-tez müxtəlif mənbələrdən Cənub-Şərqi Avropa regionuna təbii qaz tədarükü üçün yeni qapı kimi baxılır.

Bazarın LNG terminalının gecikmiş açılışını nəzərə alaraq əvvəlcədən proqnozlaşdırmaq və planlaşdırmaq qabiliyyətinin olmaması, ehtimal ki, bazar iştirakçılarının qaz kəmərinin gücündən istifadə etmək üçün uzunmüddətli öhdəliklər götürmək marağına və hazırlığına təsir göstərib.

Təsir göstərməyə davam edən daha bir mühüm aspekt bazardakı vəziyyətin dəyişməsi və Türkiyə vasitəsilə ucuz Rusiya qazının daxil olmasıdır. Kifayət qədər sübut var ki, bu həmçinin Amerikadan və ya digər regionlardan alternativ mayeləşdirilmiş qazın rəqabət qabiliyyətinə təsir edir.

ICGB planlaşdırılmış aylıq hərracları keçirməyə davam edəcək, beləliklə bazar iştirakçılarının daha qısa müddətə planlaşdırma və tələb əsasında tutumları rezerv etmək imkanı olacaq.

- IGB-nin tutumunun genişləndirilməsi üçün maliyyələşdirmənin cəlb edilməsi ilə bağlı müzakirələr kimlərlə aparılır? Məlumdur ki, Avropa bankları son illərdə enerji layihələrinə vəsait ayırmağa az həvəslidirlər.

- Əvvəllər qeyd etdiyim kimi, biz genişlənmə üçün maliyyələşdirmə cəlb etmək variantlarını nəzərdən keçiririk və bu, Şaquli Qaz Dəhlizindəki güclərin modernləşdirilməsini planlaşdıran bütün qazpaylayıcı şəbəkələrinə aiddir. ICGB bu məsələ ilə bağlı öz səhmdarları ilə müzakirələr aparır və həmçinin yerli kommersiya banklarının iştirakı ilə bazar sınağına başlamağı planlaşdırır.

IGB-nin tutumunun genişləndirilməsi “Şaquli Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinin əsas hissəsidir və hesab edirəm ki, hər kəs bu təşəbbüsün regionun gələcək enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb etməsi ilə razılaşır. Qaz nəqli infrastrukturunun təkmilləşdirilməsi və “dar boğazlar”ın aradan qaldırılması üçün bütün razılaşdırılmış layihələrin başa çatdırılması ölkələrimizə qaz axınını ildə 5 milyard kubmetrdən 10 milyard kubmetrə qədər artıracaq.

Şübhəsiz ki, bu, Avropada əlaqələri yaxşılaşdırmaq üçün əsas strateji qərardır. Hazırda Avropa Komissiyası qaz layihələrinə maliyyə dəstəyi verməyə meylli olmasa da, hesab edirik ki, bunun üçün bir istisna etməyə dəyər.

Regionun qazpaylayıcı şəbəkə operatorları bu məsələ ilə bağlı Avropa Komissiyası ilə bir sıra görüşlər keçirməyə hazırlaşırlar, ona görə də ümid edirik ki, bu variant hələ də nəzərdən keçirilməyə layiqdir.

Bundan əlavə, ICGB ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə agentliyin qrant maliyyələşdirməsi təmin etməyə hazır ola biləcək potensial fondları barədə danışıqlar aparır. Biz həmçinin ABŞ-dan digər maliyyələşdirmə variantlarını və əlbəttə ki, Avropadan maliyyələşdirmə əldə etmək imkanlarını nəzərdən keçiririk.

- Hidrogen qarışığının IGB vasitəsilə daşınması məsələsi öyrənilirmi? Yaxın gələcəkdə bu layihə çərçivəsində oxşar tədqiqatların aparılması planlaşdırılırmı?

- Şübhəsiz ki, hidrogen enerji bazarının bütün iştirakçıları üçün maraq doğurur. ICGB gələcəkdə hidrogenin nəqli imkanlarının ətraflı təhlilini aparmağı tapşıracaq, lakin vurğulamaq istəyirəm ki, bu əsasən bazardakı tələbatdan asılı olacaq.

Əgər bazar hidrogen istifadəsinə daha çox yönəlsə və kifayət qədər tələbat yaratsa, qazpaylayıcı şirkətlər müvafiq investisiya layihələri ilə cavab verməyə hazır olacaqlar.

Hazırda, əlavə investisiyalar olmadan belə, IGB təbii qazla qarışıq halında az miqdarda hidrogen nəql edə bilər. Biz əlavə infrastruktura investisiya yatırmadan əldə edə biləcəyimiz dəqiq rəqəmi öyrənirik. Uzunmüddətli perspektivdə bu, maraq dairəsi olaraq qalacaq, lakin hazırda bütün səylər gündəlik əməliyyatların təhlükəsizliyini və keyfiyyətini təmin etməyə, eləcə də genişləndirmə layihəsinə yönəlib.

Nigar Abbasova

Nəzrin Babayeva

Son xəbərlər

Orphus sistemi