Teodora Georgieva: “İGB Azərbaycan qazının Mərkəzi Avropaya tədarükünün artırılmasını təmin edir”

Energetika
  • 03 may, 2023
  • 11:36
Teodora Georgieva: “İGB Azərbaycan qazının Mərkəzi Avropaya tədarükünün artırılmasını təmin edir”

IGB interkonnektoru Aleksandrupolis şəhərində yerləşən üzən mayeləşdirilmiş təbii qaz anbarı (FSRU) ilə birlikdə Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstanı əhatə edən Şaquli Qaz Dəhlizi layihəsi üçün “kritik infrastruktur” təşkil edir və Azərbaycan qazının Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsi ilə Mərkəzi Avropaya tədarükünün artırılmasını təmin edir.

“Report” Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, bunu İGB-nin əməliyyat şirkəti olan ICGB-nin Bolqarıstan üzrə icraçı direktoru Teodora Georgieva bildirib.

Onun sözlərinə görə, Azərbaycan təbii qazını Yunanıstana, oradan isə Bolqarıstana nəql edilməsini təmin edən İGB İnterkonnektoru Bolqarıstanın qaza olan tələbatının üçdə birindən çoxunun təmin edilməsində mühüm rol oynayıb.

"Bu boru kəməri bir tərəfdən Azərbaycan qazının TAP, digər tərəfdən isə Revitusa limanından mayeləşdirilmiş təbii qazın (LNG) nəqlində böyük əhəmiyyət daşıyıb. Qiymətləndirməyə əsasən, Bolqarıstan FSRU-nun (Floating Storage Regasification Unit) bu ilin sonu – gələn ilin əvvəlində istismara verilməsindən sonra illik 10 LNG tankeri alacağını təxmin edilir", - T.Georgieva qeyd edib.

Xatırladaq ki, ötən il ICGB Şaquli Qaz Dəhlizinin yaradılmasına dair Anlaşma Memorandumunda iştirakını yeniləyib. Belə ki, Bolqarıstanın ICGB AD, “Bulgartransgaz EAD”, “Yunanıstanın DESFA S.A.”, “Gastrade S.A.”, Macarıstanın FGSZ LTD və Rumıniyanın “SNTGN TRANSGAZ S.A.” şirkətlərinin nümayəndələri Yunanıstanın Afina şəhərində Anlaşma Memorandumunun yenilənməsi haqqında saziş imzalayıblar.

Qəbul edilmiş sənəd Bolqarıstan, Yunanıstan, Rumıniya və Macarıstan qaz şəbəkələrini birləşdirəcək və təbii qazın nəqlinə imkan verəcək Şaquli Qaz Dəhlizinin yaradılması üzrə şirkətlər arasında əməkdaşlığa yönəlib. Qonşu ölkələrin ötürücü sistemlərinin bağlılığının təkmilləşdirilməsi enerji sektorunda Avropanın birgə prioritetləri - regionda enerji təhlükəsizliyinin artırılması, təbii qazın marşrutlarının və mənbələrinin şaxələndirilməsi yolu ilə bazara inteqrasiya, eləcə də rəqabətin artırılması ilə uzlaşır.

Məlumatda deyilir ki, ötən ilin oktyabrın 1-də kommersiya fəaliyyətinə başlayan İGB Şaquli Qaz Dəhlizi layihəsinin inkişafının əsas hissəsidir. Qaz kəməri Yunanıstan və Bolqarıstanın ötürücü şəbəkələrini birləşdirir, Trans-Adriatik Qaz Boru Kəməri ilə birbaşa əlaqəni təmin edir və beləliklə, Bolqarıstanı Cənub Qaz Dəhlizinin bir hissəsinə çevirir. Oktyabrın əvvəlindən interkonnektor vasitəsilə nəql edilən təbii qazın miqdarı qış mövsümündə Bolqarıstanın daxili istehlakının təxminən üçdə bir hissəsini təmin edir. Yeni infrastruktur təbii qazın regionun digər qonşu dövlətlərinə, eləcə də Moldova və Ukraynaya nəqli üçün imkanlar yaradır. Bu Anlaşma Memorandumu 3 il müddətinə imzalanıb və gələcəkdə daha bir il müddətinə uzadılması mümkün olacaq.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

Avropa Komissiyası ötən ilin iyul ayında Azərbaycanla təbii qazın idxalını 2027-ci ilə qədər ildə ən azı 20 milyard kubmetrə çatdırmaq üçün Anlaşma Memorandumu imzalayıb. Əlavə təbii qaz Azərbaycanın bir neçə yatağından gələcək.

Son xəbərlər

Bütün Xəbər Lenti