"Hazırda Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Avropaya nəql edilən 10 mlrd kubmetr təbii qaz Avropanın ümumi qaz tələbinə görə olduqca “təvazökar" adlandırmaq olar".
“Report”un məlumatına görə, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov "Atlantic Council" tərəfindən təşkil olunmuş vebinarda bildirib.
Onun sözlərinə görə, bu, həcm baxımından oyun qaydalarını dəyişdirmir, ancaq tədarükçünün şaxələndirilməsi baxımından oyun qaydalarını dəyişdirir: "Unikal enerji təhlükəsizliyi və geosiyasi töhfə də məhz bundadır”.
O həmçinin bildirib ki, bu, İtaliyanın virtual ticarət bazarında likvidliyin artmasına kömək edəcək: “İtaliya bazarı çoxdan qeyri-likvid idi və virtual ticarət nöqtəsində (PSV) qiymətlər Avropanın digər mərkəzlərindən daha yüksək idi. Likvidlik yaxşılaşdırıldı, yəni PSV qiymətləndirmələri indi İtaliya qiyməti üçün daha etibarlı bir oriyentirdir".
“S&P Global Platts Analytics”in hesablamalarına əsasən, TAP ilə yanvar ayında İtaliyaya qaz tədarükünün ümumi payında 3,4 %-ni təşkil edib.
Xatırladaq ki, gələcəkdə Cənub Qaz Dəhlizi (SGC) ilə Balkan bölgəsinə də qaz nəql edilə bilər. Qərbi Balkanlar Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və Kosovo kimi ölkələri əhatə edir.
Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.
TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.
TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.