TAP layihəsində 400 arxeoloq işləyəcək

TAP layihəsində 400 arxeoloq işləyəcək Bunun məqsədi yerlərdə tarixi irsin qorunmasıdır
Energetika
25 Oktyabr , 2016 17:29
TAP layihəsində 400 arxeoloq işləyəcək

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi müddətində irsin qorunması məqsədilə 400-dən çox arxeoloq işə götürüləcək.

“Report” TAP-ın saytına istinadən xəbər verir ki, hazırda Yunanıstanda TAP-ın Layihələndirmə, Satınalma və Tikinti (EPC) üzrə podratçıları tikinti ərazisində 40-dan çox yerli arxeoloqla əməkdaşlıq edir. Gələcəkdə isə 70 nəfərin işə götürülməsi gözlənilir. Bu ekspertlərin rolu qazıntı aparılan ərazilərdə araşdırma və monitorinq aparmaq, eyni zamanda potensial tapıntıları xilas etməkdir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq. Bu il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi