TAP kəmərinin gücünün artırılması çərçivəsində ilk infrastruktur işləri başa çatdırılıb
- 02 oktyabr, 2024
- 14:25
Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) gücünün genişləndirilməsi çərçivəsində ilk infrastruktur işləri planlaşdırılan müddətdə başa çatdırılıb.
Bu barədə "Report"a qaz kəmərinin operatoru olan "TAP AG" şirkətindən məlumat verilib.
“Məlum olduğu kimi, sentyabrın 19-dan 30-dək TAP-ın Trans-Anadolu Qaz Boru Kəmərinə birləşdiyi Yunanıstan-Türkiyə sərhədində yerləşən Kipoi birləşmə nöqtəsində infrastruktur işləri aparılıb. Bu işlər nəzərdə tutulmuş müddətdə başa çatdırılıb”, - "TAP AG"dən bildirilib.
Şirkət xatırladıb ki, 2021-ci ildə bazar sınaqlarının nəticələrinə əsasən, 2026-cı il yanvarın 1-dək boru kəmərinin ötürücülük qabiliyyətini ildə daha 1,2 milyard kubmetr artıracaq öhdəliklər götürülüb.
“Genişləndirmə Kipoidəki mövcud kompressor stansiyasına 15 MVt gücündə yeni qaz turbinli kompressor qurğusunun əlavə edilməsini və oradakı avadanlığın yenilənməsini nəzərdə tutur. Qaz turbinli kompressor qurğusunun quraşdırılmasına 2024-cü ilin iyulunda başlanılıb. Aqreqatın əlavə hissələri var ki, onlar 2024-cü ilin oktyabrında quraşdırılacaq. İşlər 2025-ci ilə qədər davam edəcək”, - şirkətdən bildirilib.
Daha əvvəl "TAP AG"nin icraçı direktoru Luka Skiepatti (Luca Schieppati) "Report"a müsahibəsində bildirib ki, bu, genişləndirmə layihəsinin ilk mərhələsidir və TAP-ın öz vəsaiti hesabına maliyyələşdirilir. Layihənin büdcəsi təxminən 132 milyon avrodur.
Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb. 2023-cü ildə Azərbaycan qazının Avropaya tədarükü 11,8 milyard kubmetr təşkil edib.
2024-cü ildə Azərbaycan qazının Avropaya tədarükü 12,5 milyard kubmetr səviyyəsində planlaşdırılır.