Yuxarı

TAP-ın dəniz hissəsinin tikintisi üzrə podratçı müəyyənləşib

Saipem şirkəti boru kəmərinin bu hissəsinin tikintisini həyata keçirəcək

Bakı. 14 aprel. REPORT.AZ/ "TAP AG" Konsorsiumu İtaliyanın "Saipem SpA" şirkəti ilə Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası layihəsinin dəniz hissəsi ilə bağlı Mühəndislik, Təchizat, Tikinti və Quraşdırma (EPCI) üzrə müqavilə imzalayıb.

"Report" TAP-ın saytına istinadən xəbər verir ki, Albaniya sahilindən Cənubi İtaliya sahilinə qədər Adriatik dənizindən keçən bu hissənin uzunluğu 105 km, boru kəmərinin diametri isə 36 düym olacaq. Boru kəmərinin ən dərin hissəsi dəniz səviyyəsindən 820 metr dərinlikdədir.

EPCI müqaviləsinə Albaniya və İtaliyada boru kəmərinin sahilə çıxan hissəsində mühəndislik işləri (mikrotunel daxil olmaqla), ofşor boru kəmərinin quraşdırılması, ofşor fiber-optik kabel təchizatı və quraşdırılması, eyni zamanda, ön istismar və yoxlama işləri daxildir.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoi ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. "Şahdəniz" yatağından ilk Azərbaycan qazının 2020-ci ildə Avropaya çatdırılması planlaşdırılır.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəməri ilə bağlı layihəni seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km olacaq ki, bunun da 545 km-i Yunanıstan, 215 km-i Albaniya, 105 km-i Adriatik dənizi, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 metr), ən aşağı hissəsi isə (820 metr) dənizin dibində olacaq.

İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi