Yuxarı

TAP-ın Albaniya hissəsinin tikintisinə ilin ikinci yarısında başlanılacaq

Albaniyada TAP üçün ilk boruların gətirilməsi münasibətilə tədbir keçirilib

Bakı. 20 aprel. REPORT.AZ/ Trans-Adriatik Boru Kəmərinin (TAP) Albaniya hissəsinin tikintisi üçün nəzərdə tutulan boruların və avadanlıqların ilk hissəsinin bu ölkəyə gətirilməsi münasibətilə Durres limanı yaxınlığında mərasim keçirilib.

"Report" TAP konsorsiumuna istinadən xəbər verir ki, mərasimdə Albaniyanın baş naziri Edi Rama, energetika və sənaye naziri Damian Qjiknuri, yerli hakimiyyət nümayəndələri, TAP-ın inşasını həyata keçirəcək şirkətlər, Albaniya şirkətləri və digər səhmdarlar iştirak ediblər.

Baş nazir və energetika və sənaye naziri TAP-ın regionun ən vacib enerji layihələrindən biri kimi ümumən Albaniya və bu ölkənin Avropa enerji bazarında oyunçu kimi yer tutmasında əhəmiyyətini xüsusi vurğulayıblar.

Onlar qeyd ediblər ki, TAP iqtisadi inkişafın təşviqinə, Albaniyada yeni imkanların yaradılmasına və ölkənin enerji infrastrukturunun inkişafına müsbət təsir edəcək.

TAP-ın Albaniya üzrə ölkə meneceri Şolqin Bozqo bildirib ki, ötən ilin iyul ayında giriş yolları və körpülərin tikintisi başlayandan sonra indi boruların, avadanlıqların gətirilməsi Albaniyada TAP-ın yeni və dinamik fazasının başlanğıcıdır. O qeyd edib ki, boru kəmərinin Albaniya hissəsinin tikintisinə bu ilin ikinci yarısının əvvəlində başlanılacaq: "TAP çox vacib layihədir və onun uğurla tamamlanması etibarlı tərəfdaşların effektli əməkdaşlığının nəticəsi olacaq. Bu layihə tikinti mərhələsində və uzun müddət Albaniyaya əhəmiyyətli dərəcədə müsbət təsir edəcək".

Mərasimdən sonra qurumlararası tədbir keçirilib. Bu sessiya TAP-ı inşa edəcək şirkətlər və yerli şirkətlər arasında ümumi sinerjinin yaradılması məqsədilə baş tutub.

Qeyd edək ki, TAP-ın Albaniya hissəsinin tikintisi üçün 18 və 12 metr ölçüdə 13 min borudan istifadə olunacaq. Ümumilikdə bu ölkədə istifadə olunacaq boruların 90%-nin ölçüsü 18 metr, 10%-nin ölçüsü isə 12 metr nəzərdə tutulub. Hər borunun daxili diametri 1,22 metrdir.

İlk borular aprelin 5-də Durres limanına çatdırılıb. Almaniyadan gətirilən ilk yük gəmisində 1 390 boru gətirilib. Almaniyanın Brake limanından Albaniyanın Durres limanına borular 11 günə gətirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi