TAP ilə hidrogen nəqli üçün ilkin nəticələr əldə edilib
- 17 oktyabr, 2024
- 13:30
Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) operatoru olan TAP AG şirkəti hidrogen daşınması imkanlarını öyrənmək məqsədilə dəniz hissəsi üçün kəmərin materiallarının sınaqlarının ilk nəticələrini əldə edib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq şirkətdən məlumat verilib.
"TAP vasitəsilə hidrogen daşınması imkanlarını öyrənmək üçün lazımi sınaq avadanlığının yaradılmasına investisiya yatırdıqdan sonra hazırda boru kəməri materiallarının sınaqlarını aparırıq. Üçüncü rübdə planlaşdırıldığı kimi, dəniz boru kəmərləri üçün material nümunələri üzrə ilk nəticələri əldə etdik. Hazırda bu nəticələr TAP çərçivəsində qiymətləndirilir", - şirkətdən bildirilib.
Operator həmçinin qeyd edib ki, paralel olaraq dəniz boru kəmərləri üçün material nümunələrinin sınaqlarının ikinci mərhələsi başlayıb və nəticələrinin 2024-cü ilin sonuna qədər verilməsi gözlənilir.
"Bundan sonra TAP 2025-ci il üçün əlavə sınaq tələblərini qiymətləndirəcək", - TAP AG-dən bildirilib.
Xatırladaq ki, daha əvvəl “Report”a müsahibəsində TAP AG-nin icraçı direktoru Luka Skiepatti (Luca Schieppati) bildirib ki, TAP-ın məqsədi hidrogenin ilkin olaraq təbii qazla qarışıq kimi nəqli imkanlarını inkişaf etdirməkdir.
TAP vasitəsilə Azərbaycan qazının tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.