Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qazın Avropaya ötürülməsinə və bölgənin təbii qaz təchizatına töhfə verəcək Trans-Anadolu Boru Kəmərinin (TANAP) Əskişəhərdən Ədirnə-İpsalaya qədər uzanan II fazasında son mərhələyə start verilib.
2018-ci ilin iyununda keçirilən beynəlxalq açılış mərasimindən sonra işə salınan və I fazası çərçivəsində Türkiyəyə qaz nəqlinə başlanan TANAP layihəsinin II fazası da son mərhələyə daxil olub. Bu faza Avropaya qaz nəqli məqsədi ilə kəmərin Əskişəhərin Seyitqazi bölgəsindən başlayaraq Ədirnənin İpsala bölgəsinə qədər uzanan və Türkiyə-Yunanıstan sərhəddində bitən hissəsinin inşasını əhatə edir. TANAP iyunda Avropaya sınaq məqsədli qaz nəqli üçün hazır olacaq.
TANAP-ın iyunun sonunda Avropaya qaz nəqli üçün hazır vəziyyətə gətirilməsindən sonra Cənub Qaz Dəhlizinin son həlqəsi olan, Türkiyə-Yunanıstan sərhəddindən başlayaraq İtaliyaya qədər uzanan Trans-Adriatik boru kəmərinin tikintisinin tamamlanması və qaz axını üçün hazır vəziyyətə gətirilməsi gözlənilir. TANAP vasitəsilə Avropaya kommersiya məqsədli qaz nəqlinin Trans-Adriatik boru kəmərinin istismara verilməsi üzrə işlər tamamlanandan sonra 2020-ci ilin ortalarında başlaması gözlənilir.