STAR neft emalı zavodu xam neft idxalını 17 %-dək azaldıb
- 30 dekabr, 2022
- 11:00
Bu ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu 821 min 844 ton xam neft idxal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 165 min 776 ton və ya 16,8 % azdır. Bu, Türkiyəyə idxal edilən xam neftin 28,5 %-i deməkdir.
Xatırladaq ki, 2021-ci ilin oktyabr ayında STAR Neft Emalı Zavodu 987 min 620 ton xam neft idxal edib.
Ümumiyyətlə Türkiyədə neft məhsulları istehsal edən neft emalı zavodları tərəfindən 2 milyon 884 min 087 ton xam neft idxal edilib. Bu, 2021-ci ilin oktyabr ayının göstərici ilə müqayisədə 9 min 113 ton və ya 0,31 % çoxdur.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavod ildə 11 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.