STAR neft emalı zavodu aviayanacaq istehsalını 2 dəfə artırıb

Energetika
  • 30 dekabr, 2022
  • 12:25
STAR neft emalı zavodu aviayanacaq istehsalını 2 dəfə artırıb

Bu ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 73 min 598 ton reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 35 min 490 ton və ya 1,9 dəfə çoxdur.

Ümumilikdə isə Türkiyədə neft emalı zavodları tərəfindən 388 min 071 ton reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayacanaq) istehsal edilib ki, bu da 2021-ci ilin oktyabr ayı ilə müqayisədə 94 min 823 ton və ya 32,3 % çoxdur.

Qeyd edək ki, STAR neft emalı zavodu 2021-ci ilin oktyabr ayında 38 min 108 tondan çox reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayacanaq) istehsal edib.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti