SOCAR yüksək keyfiyyətli yanacağın emalında “Honeywell UOP” şirkətinin hidrogen texnologiyasından istifadə edəcək

SOCAR yüksək keyfiyyətli yanacağın emalında “Honeywell UOP” şirkətinin hidrogen texnologiyasından istifadə edəcək Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yüksək keyfiyyətli hidrogen təchizatı üçün qısadövriyyəli adsorbsiyaya əsaslanan (PSA) “Honeywell UOP” texnologiyasından istifadə edəcək.
Energetika
6 Dekabr , 2018 12:22
SOCAR yüksək keyfiyyətli yanacağın emalında “Honeywell UOP” şirkətinin hidrogen texnologiyasından istifadə edəcək

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yüksək keyfiyyətli hidrogen təchizatı üçün qısadövriyyəli adsorbsiyaya əsaslanan (PSA) “Honeywell UOP” texnologiyasından istifadə edəcək.

Bu barədə SOCAR-dan “Report”a bildirilib.

Məlumdur ki, neftin təmizlənməsi və tam yanan yanacaqların, o cümlədən “Euro-5” standartlarına uyğun yanacaqların istehsalında katalitik proseslərə şərait yaradılması üçün istifadə olunan təmiz hidrogen emal prosesində mühüm rola malikdir. Yeni PSA texnologiyası Azərbaycanda “Euro-5” standartlı yanacaqlara artan tələbatın ödənilməsinə kömək edəcək.

“Honeywell UOP” şirkətinin Avropa, Afrika və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Naycel Orçard deyib ki, “Honeywell UOP” hidrogen texnologiyası SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirdiyi modernizasiya proqramının əsas elementidir. “Bu proqram SOCAR-a regionun ən qabaqcıl emalçılarından biri olaraq qalmaqda kömək edəcək, ətraf mühitin qorunmasına və Azərbaycanda həyat səviyyəsinin daha da yüksəldilməsinə töhfə verəcək”.

“Honeywell UOP” SOCAR-ın neft emalı zavodunu iki PSA qurğusu ilə təchiz edəcək. Hər iki qurğuya “Honeywell Process Solutions C300” sistemləri vasitəsilə nəzarət olunacaq.

Bildirilib ki, modernizasiya prosesi başa çatdıqdan sonra neft emalı zavodunda hər il yerli yataqlardan, o cümlədən “Neft Daşları”, “Suraxanı” və “Şirvan” yataqlarından hasil olunmuş 7,5-8 mln. ton xam neftin emalı mümkün olacaq. “Euro-5” standartlarına uyğun benzin, təyyarə yanacağı və asfalt istehsalının effektivliyi artacaq.

“Hidrogen emal prosesinin yan məhsuludur və məqsədli şəkildə metanın buxar riforminqindən alınır. "Honeywell UOP" texnologiyası hidrogeni təmizləyir, təmizlənmiş hidrogen çirkli maddələrin kənarlaşdırılması və xam nefti təmiz yanacağa və digər məhsullara ayıran katalitik prosesin aparılması üçün yenidən emal qurğusuna ötürülür”, - Orçard deyib.

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu 1953-cü ildə keçmiş SSRİ Neft Nazirliyi tərəfindən yaradılıb. 1980-ci ildə UOP neftayırma zavodunda ilk katalitik riforminq qurğusunu qurub və bununla da bütün Sovet İttifaqında yüksək oktanlı benzin istehsalına doğru addım atılıb. Zavod 2003-cü ildə, 50-ci ildönümündə Heydər Əliyevin şərəfinə adlandırılıb.

SOCAR neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, neft, qaz və kondensatın hasilatı, emalı və nəqli ilə məşğul olur, neft və neft-kimya məhsullarını yerli və beynəlxalq bazarlara çıxarır, müxtəlif ölkələrin bazarlarında sənaye və əhalini təbii qazla təmin edir.

"Honeywell UOP" emal texnologiyası, katalizatorlar, adsorbentlər, avadanlıq təchizatı və lisenziyası ilə məşğul olur və bu sahədə liderdir. Şirkət eyni zamanda neft emalı, neft-kimya və qaz emalı sənayelərində konsaltinq xidməti ilə də məşğul olur.

Son xəbərlər

Orphus sistemi