SOCAR yeni tikinti layihələrində enerji sərfiyyatını 50%-ə qədər azaldacaq

SOCAR yeni tikinti layihələrində enerji sərfiyyatını 50%-ə qədər azaldacaq Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni tikinti layihələrində tətbiq ediləcək kompleks bina layihələndirilməsi yanaşması mənzil sektorunda isitmə məqsədi ilə sərf olunan enerjinin həcminin 40-50% azalmasına şərait yaradacaq.
Energetika
6 Mart , 2018 11:55
SOCAR yeni tikinti layihələrində enerji sərfiyyatını 50%-ə qədər azaldacaq
SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə / Report

Bakı. 6 mart. REPORT.AZ/ "Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni tikinti layihələrində tətbiq ediləcək kompleks bina layihələndirilməsi yanaşması mənzil sektorunda isitmə məqsədi ilə sərf olunan enerjinin həcminin 40-50% azalmasına şərait yaradacaq."

"Report" xəbər verir ki, bunu "Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları (NAMA)" layihəsi çərçivəsində görülmüş tədbirlərə həsr olunan elmi-texniki konfransda SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib.

Onun sözlərinə görə, bunun nəticəsində təkmilləşmiş tərtibat üsulları 2029-cu ilə qədər hər kvadratmetrə düşən illik sərfiyyatın 300 Kvt/saat-dan 175 Kvt/saata qədər azalmasına imkan verəcək. 

"Binalarda enerji səmərəliliyinin artırılmasının icrası çərçivəsində SOCAR-ın Tullantıların idarə edilməsi Mərkəzində, Qala Ekoloji Parkında və "Azərikimya" İstehsalat Birliyində binaların enerji səmərliliyinin artırılması məqsədi ilə yenidənqurma işləri həyata keçirilib.Yenidənqurma işləri çərçivəsində bu binalarda enerji sərfiyyatı 20% azalıb. Layihə çərçivəsində Tullantıların idarə edilməsi Mərkəzində 6 ədəd külək turbini və günəş panelləri quraşdırılıb. Qala Ekoloji Parkında da günəş panelləri quraşdırılıb, külək generatorları istifadəyə verilib. Eyni zamanda Sumqayıt Kimyaçılar Sarayı və Etilen Polietilen zavodunun inzibati binasında divar izolyasiyası, enerji səmərəli işıqlandırma və günəş panelləri quraşdırılıb",- o deyib.

Xatırladaq ki, BMT və SOCAR 2015-ci ildən NAMA layihəsini həyata keçirir. Layihəni Qlobal Ekoloji Fond (GEF) maliyyələşdirir və ona 3,5 mln.dollar məbləğində qrant ayırıb. Layihə 3 komponentdən - binalarda enerji səmərəliliyinin artırılması, nəqliyyatda alternativ yanacağa keçid və neft quyularında səmt qazının yığılmasından ibarətdir.

Son xəbərlər

Orphus sistemi