Yuxarı

"SOCAR Yay Məktəbi 2016" layihəsi işə başlayıb

Seçilən iştirakçıların 18 nəfəri tələbə, 12 nəfəri isə SOCAR işçisidir

 Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təşkil etdiyi "SOCAR Yay Məktəbi 2016" layihəsi işə başlayıb. "Report" xəbər verir ki, avqustun 21-də başlayan layihə avqustun 28-də başa çatacaq. 

Yay məktəbinin işə başlaması münasibətilə bu gün keçirilən mərasimdə çıxış edən SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə layihənin əhəmiyyətindən danışaraq onun 2010-cu ildən etibarən həyata keçirildiyini xatırladıb. X.Yusifzadə bu layihədə iştirak etmək hüququ qazananları təbrik edərək onlara uğurlar arzulayıb. 

Qeyd edək ki, builki Yay Məktəbi layihəsinə mayın 26-dan iyulun 16-dək sənəd qəbulu həyata keçirilib. Bu layihəyə seçim bir neçə mərhələdən ibarətdir. Layihənin I mərhələsində ilkin şərtlərə cavab verən namizədlərin məntiqi təfəkkürünün yoxlanılması üzrə test imtahanı keçirilir. II mərhələdə isə SOCAR-ın mütəxəssisləri tərəfindən müsahibələr aparılır. 

"Yay Məktəbi 2016" layihəsinə 702 nəfər müraciət edib. Builki layihəyə 50 ölkədaxili və xarici universitetdə təhsil alan namizədlər müraciət edib. Layihənin I turu 12-13 iyul tarixlərində keçirilib. I mərhələdə 510 nəfər iştirak edib. Layihənin I mərhələsindən ixtisas qrupları üzrə müvafiq keçid balını toplayan 89 nəfər namizəd II mərhələyə - müsahibələrə buraxılıb. Müsahibələr 3-5 iyul tarixlərində mütəxəssislər tərəfindən keçirilib. Müsahibələrdə özünü doğruldan, mütəxəssislərin suallarına daha düzgün cavab verən 30 namizəd iştirakçı seçilmək hüququ qazanıb. Bu mərhələyə seçilənlərin 18 nəfəri tələbə, 12 nəfəri isə SOCAR işçisidir. Seçilən tələbələr Azərbaycanın və xarici ölkələrin 5 universitetini, SOCAR işçiləri isə 6 müəssisə və idarəni təmsil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi