SOCAR xaricdə kəşfiyyat işləri aparmağa hazırlaşır - YENİLƏNİB

SOCAR xaricdə kəşfiyyat işləri aparmağa hazırlaşır - YENİLƏNİB Azərbaycan Dövlət Neft Şirkəti bir sıra Asiya və Afrika ölkələrindən təkliflər alıb
Energetika
16 Fevral , 2015 13:02
SOCAR xaricdə kəşfiyyat işləri aparmağa hazırlaşır - YENİLƏNİB

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bir sıra xarici ölkələrdən karbohidrogen ehtiyatlarının işlənilməsi ilə bağlı dəvət təklifləri alıb. "Report"un verdiyi xəbərə görə, bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib: "Afrika ölkələrindən çoxlu təkliflər var. İranla yəqin yaxınlarda iş görəcəyik. Vyetnamla da iş görə bilərik. İndiyədək bununla bir o qədər dərindən məşğul olmamışıq".

X.Yusifzadə dünya bazarında neftin qiymət dəyişkənliyinin SOCAR-ın investisiya siyasətinə və iş planına təsir etməyəcəyini və hasilat, qazma, kəşfiyyat üçün ayrılan vəsaitin azalmayacağını deyib.

"Neftin qiyməti həmişə dalğavari dəyişib. 1994-cü ildə "Əsrin müqaviləsi"ni hazırlayanda neftin 1 bareli 16 dollar olub. Dünyadakı hadisələrlə bağlı qiymətlər dəyişir və bunun Dövlət Neft Şirkətinə təsiri yoxdur. Neftin hasilatına, qazmaya, kəşfiyyata ayrılan pul bir qəpik də azalmayacaq. Bəlkə izafi xərcləri azaldacağıq. Necə qarşımıza məqsəd qoymuşduq ki, 8,3 mln. ton neft verək, indi də biz onu verəcəyik. Bu rəqəmi 3 ildir stabil saxlayırıq. Əsas müqavilələrə heç bir ziyan dəyməyəcək, ikinci dərəcəlilər isə ola bilər ki, dayansın".

Cənub Qaz Dəhlizi layihəsinə gəlincə, Şirkət rəsmisi işlərdə heç bir dayanmanın olmadığını, hər bir iştirakçı dövlətin öz öhdəliyini yerinə yetirdiyini bildirib: "Cənub Qaz Dəhlizində işlərin təxminən 20%-i görülüb, qərarlar qəbul olunub. Bütün dövlətlər bu işin getməsinə razıdır. Bildiyiniz kimi, 2018-ci ildə TANAP layihəsi, 2019-2020-ci illərdə isə TAP layihəsi işə düşəcək".

SOCAR-ın Yunanıstanın DESFA dövlət şirkətində iştirak payı alması ilə bağlı planlarını şərh edən X.Yusifzadə bu layihənin Azərbaycan tərəfi üçün xeyirli olduğunu qeyd edib: "Yunanıstanda vəziyyəti bilirsiz, indi də hökumət dəyişib. Yeni hökumət də əvvəlki hökumətin işinə bir cürə baxır, təzədən başlayır, hər halda söhbətlər gedir. Yəqin ki, bu məsələ həll olunacaq".

X.Yusifzadə Azərbaycanın neft ehtiyatının 4 mlrd. ton olduğunu qeyd edib: “Azərbaycanın 2 mlrd. ton təsdiqlənmiş nefti var, 2 mlrd. ton isə perspektiv neft var. Bu da ümumilikdə 4 mlrd. ton edir. Həmçinin, 6 trln. kubmetr qazımız var, bunun 2,55 trln. kubmetri təsdiq olunmuş, qalanı isə perspektiv ehtiyatdır. Ümumilikdə isə ölkəmizin 6 trln. kubmetr qazı, 4 mlrd. ton kondensatımız var, bu da toplam olaraq 10 mlrd. ton edir".

Son xəbərlər

Orphus sistemi