Yuxarı

SOCAR və "Total" arasında insan resurslarının idarə olunması sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

Bu ilin sonunadək Total şirkətinin nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisi və İnsan resursları Departamentinin (İRD) əməkdaşlarından ibarət nümayəndə heyəti “Total” (Fransa) şirkətinin dəvətilə Parisdə olub.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Total”ın mənzil-qərargahında keçirilən görüşlərdə şirkətlər tərəfindən tətbiq olunan işə qəbul sistemi, işçilərin biliklərinin yoxlanılması və xidməti fəaliyyətlərinin qiymətləndirilməsi, təlim və inkişaf proqramları, gənc kadrların yetişdirilməsi və insan resursları sahəsində elektron xidmətlərin tətbiqi məsələləri müzakirə olunub.

Tədbirdə “Total” şirkətinin Azərbaycan, Tacikistan və Türkmənistan üzrə vitse-prezidenti, insan resurslarının inkişafı və idarə edilməsi üzrə vitse-prezidenti, insan resursları üzrə baş əlaqələndiricisi, Avropa və Mərkəzi Asiya üzrə baş katibi, eləcə də təlim, əlaqələndirmə, beynəlxalq idarəetmə, təhsil, metodologiya, insan resursları layihələrinin əlaqələndirilməsi sahəsində rəhbər işçiləri, insan resurslarının metodologiyası və istedadların idarə edilməsi, karyera inkişafı, insan resursları araşdırmaları və əmək haqqı, peşələr və səriştələr üzrə layihə əlaqələndirilməsi, İT innovasiyalar, işə qəbul, insan resurslarına dəstək və marketinq, təcrübə proqramları, təlim üzrə mütəxəssisləri iştirak ediblər.

Səfər çərçivəsində seminar-müşavirələr təşkil olunub, insan resurslarının idarə edilməsi ilə bağlı müxtəlif təqdimatlar keçirilib. İRD-in “SOCAR üzrə insan resurslarının həyata keçirilməsi” mövzusunda təqdimatlarını və SOCAR-ın bu sahədə nailiyyətlərini “Total” şirkətinin əməkdaşları yüksək qiymətləndiriblər.

Görüşlərdə SOCAR - “Total” əməkdaşlığı çərçivəsində Xaricdə Təhsil Proqramı üzrə Fransanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirmək istəyən gənclər üçün həyata keçirilən kadrların hazırlığı layihəsi də müzakirə edilib. Bildirilib ki, həyata keçirilən əməkdaşlıq nəticəsində cari ildə daha 4 tələbə Fransanın müxtəlif ali təhsil müəssisələrinə göndərilib, 7 tələbə isə hazırda təhsilini davam etdirir. İndiyə qədər 25 tələbə təhsilini başa vuraraq müxtəlif ixtisaslara yiyələnib.

SOCAR-la ikitərəfli əməkdaşlıq çərçivəsində cari ilin sonunadək “Total” nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi