Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP şirkəti arasında işçi heyətinin birgə təlimlərə cəlb olunması sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.
Bildirilib ki, SOCAR-ın baş ofisində hasilatın pay bölgüsü sazişləri ilə tənzimlənən yerli işçi heyətinin inkişaf etdirilməsi məqsədilə illik nəzərdən keçirmə görüşü baş tutub.
SOCAR-ın vitse-prezidentləri Ziba Mustafayeva və Babək Hüseynov ilə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə vitse-prezidentləri Leyla Məmmədova və Russell Morrice arasında geniş tərkibdə keçirilən görüşdə BP şirkətinin 2023-cü il üzrə müvafiq hesabatı təqdim olunub.
Həmçinin, şirkətlər arasında mövcud əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən yerli insan kapitalının inkişafı sahəsində uğurla həyata keçirildiyi qeyd olunub.
Qarşılıqlı faydalı əlaqələrin dayanıqlılıq prinsipləri əsasında gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə edilib.
Görüşdə, həmçinin təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.