“SOCAR Türkiyə” “Siemens” şirkəti ilə əməkdaşlığa başlayır

Energetika
  • 06 yanvar, 2022
  • 09:51
“SOCAR Türkiyə” “Siemens” şirkəti ilə əməkdaşlığa başlayır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə “SOCAR Türkiye” şirkəti ilə “Siemens Türkiyə” şirkəti arasında əsas enerji paylayıcı infrastruktur təchizatı üzrə müqavilə imzalanıb.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müqaviləyə əsasən, “Siemens Türkiyə” 5 il müddətinə “SOCAR Türkiyə” şirkətinin Neft Emalı və Neft-Kimya İş Birliyinin nəzdində fəaliyyət göstərən STAR Neft Emalı Zavodu, “SOCAR Depolama” və “Petkim” Neft-Kimya Holdinqinin bütün enerji paylama infrastrukturunun və SCADA sistemlərinin quraşdırılması və yenilənməsini öz üzərinə götürəcək.

İmzalanma mərasimi “SOCAR Türkiyə” şirkətinin İzmir şəhərinin Əliağa qəsəbəsində yerləşən müəssisəsində baş tutub.

“SOCAR Türkiyə” şirkətinin Neft Emalı və Neft-Kimya Biznes Bölməsinin prezidenti və “Petkim”in baş direktoru Anar Məmmədov həyata keçirilən əməkdaşlıqların bütün qrup şirkətlərini əhatə edən rəqəmsal transformasiya səylərini daha effektiv səviyyəyə daşıyacağını bildirib. O, “Siemens”in rəqəmsallaşmada verdiyi infrastruktur dəstəyi ilə səylərlə daha güclü istiqamətdə fəaliyyətlərini quracaqlarını bildirib.

A.Məmmədov qeyd edib ki, rəqəmsal transformasiya qarşıdakı dövrdə yeni investisiyalar və layihələrlə diqqət mərkəzində saxlanılan ən vacib sahələrdən biri olmağa davam edəcək.

Xatırladaq ki, “SOCAR Türkiye” 2006-cı ilin sonlarında təsis edilib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb. “SOCAR Türkiye" qonşu ölkənin "Petkim Petrokimya Holding” - neft-kimya kompleksinin səhmlərinin nəzarət paketinə (51 %) malikdir.

SOCAR indiyə qədər Türkiyəyə 16,5 milyard ABŞ dolları məbləğində investisiya yatırıb və yeni investisiya qoyuluşları barədə danışıqlar aparır. Şirkət Türkiyədə ilk öncə neft-kimya və qaz sektorunda fəaliyyətini genişləndirməyi planlaşdırır.

Son xəbərlər

Bütün Xəbər Lenti