​"SOCAR Trading" satışın həcmini artırıb

​"SOCAR Trading" satışın həcmini artırıb Ötən il üçüncü ölkələrin məhsullarının satış həcmi 19% artıb
Energetika
17 Avqust , 2016 14:10
​SOCAR Trading satışın həcmini artırıb

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi - "SOCAR Trading"in 2015-ci ildə gəlirləri 22,7 mlrd. ABŞ dolları olub.

"Report" "SOCAR Trading"in statistik hesabatına istinadən xəbər verir ki, ötən il şirkət 47 mln. ton həcmində Azərbaycanın xam nefti və üçüncü tərəflərin xam neft və neft məhsullarının ticarətini həyata keçirib. Bu isə 2014-cu ilə nisbətən 2,17% çoxdur.

Bu həcmin 22 mln. tonu Azərbaycanın xam nefti, 25 mln. tonu isə üçüncü tərəfin xam neft və neft məhsulları olub. Ötən il üçüncü tərəfin xam neft və neft məhsullarının satışı əvvəlki illə müqayisədə 19% artıb.

"SOCAR Trading" fəaliyyətə başladığı 2008-ci ildə 13 mln. ton həcmində Azərbaycan xam nefti satıb. 2009-cu ildə isə üçüncü ölkələrin neft və neft məhsullarının ticarətinə başlayıb və həmin il 2 mln. ton həcmində üçüncü tərəfin məhsulu satılıb. 2009-cu ildə Azərbaycan xam neftinin ticarəti isə 20 mln. ton olub. 

2010-cu ildə "SOCAR Trading" 31 mln. ton həcmində satış həyata keçirib ki, onun da 25 mln. tonu Azərbaycan xam nefti, 6 mln. tonu üçüncü tərəfin məhsulu olub. 

2011-ci ildə 38 mln. ton (28 mln. ton Azərbaycan, 10 mln. ton üçüncü tərəfin məhsulu), 2012-ci ildə 39 mln. ton (23 mln. ton Azərbaycan tərəfi, 16 mln. ton üçüncü tərəfin məhsulu), 2013-cü ildə 44 mln. ton (24 mln. ton Azərbaycan, 20 mln. ton üçüncü tərəfin məhsulu), 2014-cü ildə 46 mln. ton (25 mln. ton Azərbaycan, 21 mln. tonu isə üçüncü tərəfin məhsulu) həcmində satış həyata keçirilib.

Eyni zamanda, "SOCAR Trading" 15 mln. ton həcmində yüngül, orta və ağır distillatların satışını aparıb. Yüngül distillatlar benzin, nafta, mayeləşdirilmiş neft qazı (LPG) və kondensat, orta distillatlar qazoyl, ultra aşağı kükürdlü dizel, ağır distillatlar isə yanacaq mazutu olub. 2015-ci ildə satılan yüngül distillatlar ümumi həcmin 61%-ni, ağır distillatlar 25%-ni, orta distillatlar isə 14%-ni tutub.

Son xəbərlər

Orphus sistemi