SOCAR: Tarif Şurası ilə bağlı Rövnəq Abdullayevin adından dərc olunmuş məlumatlar həqiqəti əks etdirmir

SOCAR: Tarif Şurası ilə bağlı Rövnəq Abdullayevin adından dərc olunmuş məlumatlar həqiqəti əks etdirmir SOCAR-ın prezidenti tərəfindən bu və buna oxşar heç bir müsahibə və ya bəyanat verilməyib
Energetika
16 Dekabr , 2016 14:32
SOCAR: Tarif Şurası ilə bağlı Rövnəq Abdullayevin adından dərc olunmuş məlumatlar həqiqəti əks etdirmir

Bakı. 16 dekabr. REPORT.AZ/ Son günlər bəzi KİV-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevin adından guya Tarif Şurasına təbii qazın qiymətinin 1 kubmetr üçün 13 qəpik səviyyəsində müəyyənləşdirilməsi ilə bağlı müraciət edildiyi, buna baxmayaraq Şura tərəfindən fərqli, daha yüksək tariflərin təsdiq edilməsi ilə əlaqədar dərc olunmuş məlumatlar həqiqəti əks etdirmir.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, SOCAR-ın prezidenti tərəfindən bu və buna oxşar heç bir müsahibə və ya bəyanat verilməyib: “Bildiririk ki, ölkəmizdə satılan təbii qazın müəyyən hissəsi SOCAR tərəfindən istehsal olunur, digər hissəsi isə Hasilatın Pay Bölgüsü Sazişlərinə uyğun olaraq əməliyyat şirkətlərindən ABŞ dolları ilə satın alınır. Son illər istehsal xərclərinin artması və manatın məzənnəsindəki dəyişmələr nəticəsində təbii qazın maya dəyəri onun ölkə daxilində tənzimlənən qiymətlərindən yüksək olub ki, SOCAR tərəfindən bu barədə ictimaiyyətə məlumat verilib. Aydındır ki, belə bir şəraitdə təbii qaz təchizatında dayanıqlığı və keyfiyyətli xidmətin davamlılığını təmin etmək mümkün deyil”. 

Bildirilib ki, qeyd olunanlar nəzərə alınaraq, perspektiv inkişafın təmin olunması məqsədilə SOCAR tərəfindən təbii qaz tarifinin əhali üzrə differensiasiya olmadan və “Azərenerji” ASC də daxil olmaqla bütün istehlakçılar üzrə 1 kubmetr üçün 18 qəpik müəyyənləşdirilməsi ilə bağlı Tarif Şurasına müraciət edilib. 

“Tarif Şurası tərəfindən əhalinin böyük hissəsinin qiymət artımından qorunması və elektrik enerjisi üzrə kəskin qiymət artımının qarşısının alınması məqsədilə diferensial tariflərin tətbiqinə qərar verilib. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1 500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 10 qəpik/kubmetr, elektrik enerjisi sərfiyyatı aylıq 250 kVt/saatadək olan istehlakçılar üçün mövcud 7 qəpik/kVt səviyyəsində saxlanılıb", - deyə məlumatda qeyd olunub. 

"SOCAR-ın prezidenti adından belə əsassız informasiyalar yayan KİV-ləri “Kütləvi informasiya vasitələri haqqında” qanunun müddəalarına riayət etməyə çağırırıq” -  SOCAR-dan bildirilib.

Son xəbərlər

Orphus sistemi