Yuxarı

SOCAR Rumıniyada keçirilən Neft və Qaz sərgi-konfransında iştirak edib

Şirkət qısa zamanda Rumıniyanın enerji bazarının 10 faizinə sahib olmağı planlaşdırır

Bakı. 10 noyabr. REPORT.AZ/ Buxarestdə noyabrın 9-10-da “Neft sənayesi icmalı” jurnalı və “Rumıniya Neft Klubu”nun təşkilatçılığı ilə “Rumıniya Neft və Qaz sərgi və konfransı-2016” keçirilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirdə SOCAR-ın bu ölkədəki “SOCAR Petroleum SA” şirkəti iştirak edib.

Eyni zamanda, tədbirə Rumıniyanın dövlət və hökümət nümayəndələri, neft-qaz sənayesi sahəsində bu ölkədə fəaliyyət göstərən aparıcı xarici şirkətlərin rəhbərləri, iş adamları, enerji sahəsində çalışan mütəxəssis və ekspertlər qatılıblar. 

“SOCAR Petroleum SA” şirkətinin baş direktoru Həmzə Kərimov Azərbaycanın zəngin neft tarixi və neft strategiyası barədə tədbir iştirakçılarına məlumat verib, onun Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş rolunu oynadığını vurğulayaraq, TANAP və TAP layihələrinin Avropanın enerji xəritəsini dəyişəcəyini qeyd edib. 

Bildirilib ki, SOCAR indi dünyada tanınan bir brend kimi beynəlxalq enerji bazarında aparıcı rol oynayır. Regionda bir sıra iri layihələrə imza atmış SOCAR-ın Rumıniyadakı fəaliyyəti barədə də tədbir iştirakçılarına məlumat verilib, paytaxt Buxarest də daxil olmaqla bu ölkənin 17 regionunda SOCAR brendi ilə 34 yanacaqdoldurma məntəqəsinin fəaliyyət göstərdiyi qeyd olunub. Diqqətə çatdırılıb ki, şirkət qısa zamanda Rumıniyanın enerji bazarının 10 faizinə sahib olmağı planlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi