SOCAR rəhbərliyi Davos Beynəlxalq İqtisadi Forumunda iştirak edib

SOCAR rəhbərliyi Davos Beynəlxalq İqtisadi Forumunda iştirak edib Şirkəti onun prezidenti Rövnəq Abdullayev və vitse-prezidenti Elşad Nəsirov təmsil edib
Energetika
21 Yanvar , 2017 16:56
SOCAR rəhbərliyi Davos Beynəlxalq İqtisadi Forumunda iştirak edib

Bakı. 21 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyevin rəhbərliyi ilə 16-19 yanvar tarixlərində İsveçrədəki Davos Beynəlxalq İqtisadi Forumunda iştirak etmiş nümayəndə heyətinin tərkibində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və vitse-prezidenti Elşad Nəsirov təmsil olunub. "Report" xəbər verir ki, bu barədə SOCAR-ın açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, dövlət başçısının Forum çərçivəsində keçirdiyi bir sıra görüşlərə qatılmış SOCAR rəhbərliyi eyni zamanda beynəlxalq enerji və maliyyə şirkətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. 

İ.Əliyevin BP-nin icraçı direktoru Bob Dadli ilə yanvarın 17-də keçirdiyi görüşdə “Azəri-Çiraq-Günəşli” layihəsinin gələcək inkişafı, “Şahdəniz-2” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər, BP və SOCAR tərəfindən Azərbaycanda icra olunan birgə layihələrin perspektivləri, habelə dünya bazarında neftin qiymətinin inkişaf təmayülləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. 

Yanvarın 18-də isə Prezident Səudiyyə Ərəbistanının Energetika, sənaye və təbii resurslar naziri Xalid Əl-Falih və Saudi Aramco şirkətinin icraçı direktoru Əmin Nasirlə görüşüb. Görüşdə Səudiyyə tərəfi neft qiymətinin stabilləşməsinə yönələn müştərək tədbirlərdə Azərbaycan və SOCAR-ın göstərdiyi konstruktiv yanaşmaya görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib, bir sıra qarşıtərəfli investisiya layihəsindən söz açmış, Azərbaycanla enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını qeyd edib. 

SOCAR-ın rəhbərliyi dövlət başçısının Avropa Komissiyasının Energetika üzrə vitse-prezidenti cənab Maroş Şevçoviç və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə də iştirak edib. Görüşdə Cənub Qaz Dəhlizinin reallaşmasında hazırkı vəziyyət və fevral ayında Bakıda keçirilməsi nəzərdə tutulan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 3-cü toplantısı haqqında ətraflı müzakirələr olub. Azərbaycanlaə Avropa qurumları arasında əlaqələrin yüksək səviyyədə olması vurğulanıb, TANAP, TAP və İAP (İonik Adriatik Boru Kəməri) boru kəmərləri layihələrinin perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb. 

İ. Əliyevin "Statoil" şirkətinin prezidenti və icraçı direktoru cənad Eldar Saertre və onun heyəti ilə görüşündə tərəflər “Azəri-Çiraq-Günəşli” layihəsinin inkişaf istiqamətləri, habelə “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” (KADU) və “Aypara” layihəsinə dair fikirlərini bölüşüblər.

Azərbaycan prezidentinin Ukraynadan olan həmkarı Petro Poroşenko və bu ölkənin nazirlər heyəti ilə görüşündə isə iki ölkə arasında ticarət dövriyyəsinin inkişafında SOCAR-ın rolu qeyd olunub, Ukrayna və İsveçrədə SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin yüksək standartları vurğulanıb. Ukraynanın neft emalı zavodlarının "Azeri Light" markalı xam neftlə təchiz olunmağa başlanılmasını xatırladan Ukraynanın dövlət başçısı SOCAR-ı Ukraynada neftin nəqli və emalı sahəsində, o cümlədən neft emalı zavodları, limanlar və digər infrastruktur obyektlərində yeni investisiya imkanlarını nəzərdən keçirməyə dəvət edib. Görüşdə ikitərəfli iqtisadi komissiyanın fəaliyyətindən danışılıb, qeyd olunub ki, müxtəlif layihələrin müzakirəsi və həyata keçirilməsi üçün hər iki tərəfdən yüksək səviyyəli heyətlərin qarşılıqlı səfərləri də mühüm önəm kəsb edir.

Dövlət başçısının İraq Kürdistan Regional Hökümətinin başçısı Məsud Barzani ilə görüşündə isə energetika, ticarət, idxal-ixrac və digər istiqamətlərdə əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyü qeyd edilib, Azərbaycan şirkətləri ilə müxtəlif layihələr üzrə əməkdaşlıqda maraqlı olduğu bildirilib, əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğu göstərilib.

SOCAR rəhbərliyi həmçinin Davos Beynəlxalq Forumu çərçivəsində dəyirmi masa müzakirələrinə qatılıb, ikitərəfli görüşlər keçirib, digər tədbirlərdə də təmsil olunub. SOCAR prezidenti R.Abdullayev BP-nin icraçı direktoru Bob Dadlinin vasitəçiliyi ilə böyük neft və qaz şirkətlərinin rəhbərləri üçün təşkil olunmuş işgüzar nahar müzakirəsində fəal iştirak edib. SOCAR rəhbərliyi Saudi Aramco neft şirkətinin prezidenti Əmin Nasir və vitse-prezidenti Əbdüləziz Əl-Cüdəymi ilə görüş keçirib, müxtəlif ölkə və layihələr çərçivəsində şirkətlər arasında əməkdaşlıq imkanlarını müzakirə edib, dünyada neftin qiymətinin optimallaşdırılmasına yönələn OPEC və qeyri-OPEC ölkələrin əməkdaşlığı çərçivəsində gələcək müştərək tədbirlərin çərçivələri barədə razılıq əldə edib.

SOCAR prezidenti R.Abdullayev və E.Nəsirov “Əl-Dabbağ” şirkətlər qrupunun icraçı direktoru, Səudiyyə Ərəbistan Krallığının sabiq Kənd təsərrüfatı naziri cənab Əmr Abdulla Əl Dabbağla, ABŞ-ın APCO şirkətinin icraçı direktoru xanım Margeri Krausla görüşüb, əməkdaşlıq və investisiya imkanları haqqında müzakirələr aparıblar.

SOCAR rəhbərliyi ilə Avropa Birliyinin yeni təyin olunmuş Büdcə və insan resursları üzrə komissarı cənab Günter Ötinger və onun ofisin rəhbəri cənab Mixael Hager arasında keçirilmiş görüşdə müzakirələr Cənub Qaz Dəhlizinin Avropa maliyyə qurumları tərəfindən maliyyələşdirilməsi, layihənin həyata keçirilməsi ilə bağlı aktual məsələlər və s. mövzular ətrafında aparılıb. G. Ötinger 2017-ci ilin sentyabr ayında Azərbaycana səfər edəcəyini bildirib.

SOCAR-ın prezidenti R. Abdullayev Davos səfəri çərçivəsində Goldman Sachs International şirkətinin rəhbəri Riçard Con Qnoddenin dəvəti ilə işgüzar axşam yeməyində də iştirak edib, buraya dəvət olunmuş enerji və maliyyə şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib. 

Son xəbərlər

Orphus sistemi