Yuxarı

​SOCAR prezidenti Yaponiyada görüşlər keçirib

SOCAR-ın nümayəndə heyəti INPEX Korporasiyasının rəhbərliyi ilə görüşüb

Bakı. 9 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin başçılığı ilə şirkətin nümayəndə heyəti Yaponiyada səfərdədir. Bu barədə "Report"a SOCAR mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, səfərin məqsədi Yaponiya şirkətləri ilə ikitərəfli görüşlərin keçirilməsi, SOCAR-ın həyata keçirdiyi layihələrdə yapon şirkətlərinin iştirakının və əməkdaşlıq imkanlarının müzakirə olunmasıdır.

Səfər çərçivəsində SOCAR prezidenti R.Abdullayev Yaponiyanın ən böyük neft-qaz hasilatı və emalı şirkəti olan "INPEX" Korporasiyasının prezidenti Toşiaki Kitamura ilə görüşüb. Görüşdə SOCAR-ın vitse-prezidentləri Süleyman Qasımov və Tofiq Qəhrəmanov, Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə, Yaponiya tərəfdən isə "INPEX" şirkətinin Avrasiya və Yaxın Şərq regionu üzrə vitse-prezidenti Yasuhisa Kanehara və AÇG və BTC layihələri üzrə aktivlərin idarə olunması üzrə vitse-prezident Akihiko Kurashina iştirak edib.

Görüşdə "INPEX"in SOCAR-ın layihələrində, o cümlədən "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsində iştirakı, AÇG üzrə gələcək əməkdaşlıq, Azərbaycanın daxilində və xaricdəki layihələrdə mümkün əməkdaşlıq perspektivləri, SOCAR mütəxəssisləri üçün "INPEX" şirkətində treninqlərin təşkil olunması və digər məsələlər müzakirə edilib.

SOCAR-ın nümayəndə heyətinin Yaponiyaya səfəri davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi