SOCAR prezidenti "Itochu" Korporasiyasının nümayəndə heyətini qəbul edib

SOCAR prezidenti "Itochu" Korporasiyasının nümayəndə heyətini qəbul edib "Itochu" Korporasiyası SOCAR-la əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Energetika
8 Dekabr , 2016 17:29
SOCAR prezidenti Itochu Korporasiyasının nümayəndə heyətini qəbul edib

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan "Itochu" Korporasiyası (Yaponiya) İdarə Heyətinin üzvü, baş idarəedici direktoru Masahiro İmainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, görüşdə R.Abdullayev Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli neft-qaz layihələrinin uğurlarında digər tərəfdaşlarla yanaşı, "Itochu" Korporasiyasının da rolunu qeyd edib. O, "Itochu"nun Azərbaycanın regional əhəmiyyət daşıyan genişmiqyaslı neft-qaz layihələrində iştirak edən ilk beynəlxalq şirkətlərdən olduğunu diqqətə çatdırıb. 

Səmimi qəbula görə SOCAR prezidentinə təşəkkürünü bildirən "Itochu" nümayəndə heyətinin başçısı SOCAR və "Itochu" arasında əməkdaşlığın 20 ildən artıq bir müddəti əhatə etdiyini, həm neft, həm də qeyri-neft sektorunun müxtəlif layihələrində, o cümlədən “Azəri-Çıraq-Günəşli” (AÇG) və Bakı-Tbilisi-Ceyhan (BTC) kimi beynəlxalq miqyaslı layihələrdə tərəfdaş olduqlarını xatırladıb. O, həmin layihələr üzrə işlərin gedişindən məmnun olduğunu söyləyib, təmsil etdiyi şirkətin SOCAR-la əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. 

Yaponiya şirkətlərinin Azərbaycanda uzunmüddətli səmərəli fəaliyyətindən razılığını vurğulayan SOCAR prezidenti birgə layihələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib. O, SOCAR-ın Türkiyədə inşa etdiyi "STAR" neft emalı zavodunun tikintisində "Itochu" şirkətinin və bu layihənin maliyyələşdirilməsində Yaponiya banklarının fəal rol oynadığından söhbət açıb, yapon şirkətləri ilə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli perspektiv imkanların mövcud olduğunu söyləyib. 

M.İmai Azərbaycanda onların fəaliyyəti üçün yaradılan şəraitdən razılığını bildiib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi