​SOCAR prezidenti Əlcəzairin nümayəndə heyətini qəbul edib

​SOCAR prezidenti Əlcəzairin nümayəndə heyətini qəbul edib R.Abdullayev: "Əlcəzair şirkətləri ilə əməkdaşlıq üçün geniş perspektivlər var"
Energetika
22 Aprel , 2015 17:01
​SOCAR prezidenti Əlcəzairin nümayəndə heyətini qəbul edib

Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində Şirkətin prezidenti Rövnəq Abdullayevin Əlcəzair Energetika Nazirliyinin baş katibi, bu ölkənin OPEC-dəki nümayəndəsi Əhməd Messilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

R.Abdullayev səfərin iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacağına əminliyini bildirib.

Qısa müddətdə şaxələndirilmiş ixrac neft-qaz kəmərləri sisteminin yaradıldığını və bu sistemin böyük imkanlara malik olduğunu vurğulayan R.Abdullayev Azərbaycanın bütün neft-qaz ölkələri ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.

Qəbula görə təşəkkürünü bildirən Əlcəzair nümayəndə heyətinin başçısı Ə.Messili ölkəsində “Sonatrach” neft-qaz şirkətinin də SOCAR kimi dövlət şirkəti olduğunu söyləyib. Onun fikrincə, Bakıya səfərlərində məqsəd iki ölkənin dövlət neft şirkətləri arasında münasibətlərin yaradılması və dərinləşdirilməsindən ibarətdir. O, Əlcəzairin 50 ilə yaxındır Avropa bazarlarına enerji daşıyıcıları ixrac etdiyini bildirib, ölkənin neft-qaz sektoru, “Sonatrach” şirkətinin fəaliyyəti haqqında məlumat verib. Azərbaycanın enerji sektorunun avanqardı olan SOCAR-ın artıq bütün dünyada uğurla fəaliyyət göstərən və sürətlə inkişaf edən bir şirkət, etibarlı tərəfdaş kimi tanındığını deyən qonaq əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

SOCAR prezidenti öz növbəsində Azərbaycanın tolerant ölkə olduğunu və burada xarici şirkətlərin investisiyalarının qorunmasına tam təminat verildiyini deyib. R.Abdullayev SOCAR-ın əməkdaşlığa açıq şirkət olduğunu, xarici şirkətlərlə əməkdaşlıq sahəsində böyük təcrübə qazandığını diqqətə çatdıraraq bildirib ki, Əlcəzair şirkətləri ilə əməkdşalıq üçün geniş perspektivlər var. O, qarşılıqlı imkanların öyrənilməli və təhlil edilməli, əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməli olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi