“SOCAR Petroleum” ilin sonunadək 12 yanacaqdoldurma məntəqəsində CNG satışını həyata keçirəcək

“SOCAR Petroleum” ilin sonunadək 12 yanacaqdoldurma məntəqəsində CNG satışını həyata keçirəcək Bakı. 4 iyul. REPORT.AZ/ İlin sonunadək “SOCAR Petroleum”a məxsus 12 yanacaqdoldurma məntəqəsində sıxılmış təbii qazın (STQ-beynəlxalq miqyasda CNG, yəni “Compressed Natural Gas”) satışı həyata keçiriləcək.
Energetika
4 İyul , 2018 16:45
“SOCAR Petroleum” ilin sonunadək 12 yanacaqdoldurma məntəqəsində CNG satışını həyata keçirəcək
0 : 00
0 : 00

Bakı. 4 iyul. REPORT.AZ/ İlin sonunadək “SOCAR Petroleum”a məxsus 12 yanacaqdoldurma məntəqəsində sıxılmış təbii qazın (STQ-beynəlxalq miqyasda CNG, yəni “Compressed Natural Gas”) satışı həyata keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Şirkətdən bildirilib.

Bu gün “SOCAR Petroleum” Bakı-Hövsan yolunun başlanğıc hissəsində, “BakuBus” MMC-nin yaxınlığında CNG məntəqəsini istifadəyə verib: “Bununla da Şirkət Azərbaycanın pərakəndə yanacaq satışı bazarında ilk dəfə olaraq müştərilərə qiymət baxımından daha sərfəli olan alternativ nəqliyyat yanacağı kimi CNG satışına başlayıb”.

Yanacağın bir kubmetri 0,45 manat təşkil edir.

Bildirilib ki, avqust-sentyabr aylarından başlayaraq Sabunçu rayonu, Sabunçu dairəsinin cənub-qərb hissəsindəki, Xətai rayonu, Babək prospektidəki, Nobel prospektindəki, Zabrat qəsəbəsi, Sabunçu-Zabrat yolunun sağ tərəfindəki yanacaqdoldurma məntəqələrində CNG satışı həyata keçiriləcək. Cari ilin sonunadək bu sıraya Bibiheybət məscidinin yanındakı, Bakı-Salyan şosesinin 70-ci km-dəki (yolun sağ tərəfi), Bakı-Qazax yolunun sağ tərəfindəki, Bakı-Salyan şosesinin 70-ci km-dəki (yolun sol tərəfi), Bakı-Ələt yolunun sol tərəfindəki, Bakı-Quba yolunun 28-ci km-dəki, yolun sağ tərəfindəki yanacaqdoldurma məntəqələri də əlavə olacaq.

Şirkətdən bildirilib ki, yeni alternativ yanacaq növünü təqdim etməkdə məqsəd sənaye, inşaat, turizm, təchizat kimi sektorlarda fəaliyyət göstərən qurumların yanacaq ehtiyaclarını ən sərfəli formada qarşılamaqdır.

Hazırda Bakı şəhərində ictimai nəqliyyat fəaliyyəti göstərən “BakuBus” MMC-yə məxsus IVECO markalı müasir tipli nəqliyyat növü olan avtobuslar “SOCAR Petroleum” QSC-nin Zığ-Hövsan Terminal stansiyasında istehsal olunmuş CNG ilə işləyirlər.

Qeyd edək ki, ənənəvi yanacaq növlərindən fərqli olaraq CNG neft deyil, təbii qaz əsasında istehsal olunur.

Şirkətdən bildirilib ki, təhlükəsiz və ekoloji baxımdan təmiz olan CNG yanacağı ənənəvi yanacaq növlərindən həm də qiymət baxımından daha sərfəlidir. Mütəxəssislərin hesablamalarına görə, CNG ilə işləyən avtomobillərin yanacaq sərfiyyatı hər 10 min kilometr məsafə üçün 600 manat vəsaitə qənaət etməyə imkan verə bilər. CNG-yə keçid xərclərini də nəzərə alanda, bu, xüsusilə böyük avtomobil parkına sahib olan şirkətlər üçün daha aktualdır. Nəticədə bununla daşınma məsrəflərinin ümumi xərclərdəki payını azaltmaq mümkündür. Eyni zamanda Azərbaycanın böyük həcmdə olan təbii qaz ehtiyatları CNG-nin yaxın gələcəkdə alternativ mühərrik yanacaq növü olaraq daha geniş tətbiqinə şərait yaradır. CNG həmçinin yanacağın ənənəvi növlərindən zəhərli tullantılarının miqdarının daha az olması ilə fərqlənir. CNG-nin istifadəsi zamanı dəm qazının miqdarı 90 faiz, karbon dioksid isə, təxminən, 24 faiz daha azdır. CNG-nin tərkibində azot və kükürd olmadığı üçün müvafiq təhlükəli tullantıları da yoxdur. Beynəlxalq araşdırmalara əsasən, hazırda dünya miqyasında CNG digər yanacaq növləri ilə müqayisədə yeni mühərrik yanacaq növü kimi olduqca fəal tətbiq olunmaqdadır. Beynəlxalq təcrübəyə nəzər salsaq CNG-nin ən çox istifadə edildiyi ölkələrin sırasında İran, Çin, Hindistan, Rusiya, İtaliya, Avstriya, Almaniya və digər Avropa ölkələrini görmək olar. Bununla da dünyada təbii qazla işləyən nəqliyyat vasitələrinin sayı 20 milyona yaxın, yanacaqdoldurma stansiyalarının sayı isə 20 mindən çoxdur.

Son xəbərlər

Orphus sistemi