Yuxarı

SOCAR: Neft-qaz sənayesində kiçik və orta müəssisələrin inkişafı nəzərdən kənarda qalmamalıdır

R.Abdullayev: Xarici müəssisələr əməkdaşlıq nəticəsində strateji və coğrafi mövqeyə malik olan Azərbaycanda tərəfdaş tapa bilər

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycanın neft-qaz sənayesində kiçik və orta müəssisələrin inkişafı məsələsi nəzərdən kənarda qalmamalıdır. Bununla bağlı əməkdaşlıq nəinki dövlət müəssisəsi olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), bütün özəl yerli müəssisələr və xarici şirkətlər arasında yaradıla bilər.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Azərbaycan-Böyük Britaniya Əməkdaşlıq Forumunda çıxışında bildirib. 

R.Abdullayev deyib ki, SOCAR son illərdə BP şirkəti ilə birgə "Şahdəniz-2" layihəsinin gedişində daha çox yerli müəssisələrin və yerli kadrların cəlb edilməsi üçün xüsusi proqram həyata keçirib: "Layihədə yerli amillərin üstünlük təşkil etməsi əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. Sevindirici haldır ki, layihə çərçivəsində işlər yerli və xarici şirkətlərin əməkdaşlığı nəticəsində yaradılmış birgə müəssisələr və alyanslar tərəfindən ölkə daxilində həyata keçirilir. Lakin neft və qaz sənayesində kiçik və orta müəssisələrin inkişafı nəzərdən kənarda qalmamalıdır. Bu cür əməkdaşlıq nəinki dövlət müəssisəsi olan SOCAR, bütün özəl yerli müəssisələr və xarici şirkətlər arasında yaradıla bilər. Xarici müəssisələr də bu əməkdaşlıq nəticəsində strateji və coğrafi mövqeyə malik olan Azərbaycanda tərəfdaş tapa bilər." 

SOCAR rəhbəri qeyd edib ki, eyni zamanda buradan logistika mərkəzi kimi istifadə edilə bilər.

"Bu gün neft və qaz sənayesində çoxsaylı yerli müəssisələr var ki, inkişaf üçün maliyyə mənbələrindən də öncə xüsusi bilik, bacarıq və beynəlxalq təcrübəyə ehtiyac duyurlar. Bu kimi proqramların həyata keçirilməsi müəyyən sahələrdə yeni birgə müəssisələrin yaradılmasına və yerli iqtisadi potensialın genişləndirilməsinə gətirib çıxaracaq" - SOCAR rəhbəri bildirib.

R.Abdullayev əlavə edib ki, SOCAR uzun illərdir ki, neft və qaz layihələrində operator olan BP şirkəti ilə yerli kadrlardan istifadə edilməsində əməkdaşlıq edir: "Ötən illər ərzində neft sənayesinin müxtəlif sahələrində yerli resurslardan istifadə edərək yerli kadrların cəlb edilməsində nailiyyət əldə olunub. Lakin statistika göstərir ki, bu sahədə qarşıda duran çox işlər var. Qarşıda duran vəzifələrdən biri xaricdə tətbiq olunan elmi-texniki yeniliklərin ölkəmizdə tətbiq etməklə yeni sənaye sahələrinin yaradılmasına nail olmaqdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi