Yuxarı

SOCAR "Maire Tecnimont" şirkəti ilə Neft Emalı Zavodunda yeni qurğuların tikintisi üzrə müqavilə imzalayıb

Müqaviləyə əsasən, müəssisədə EPC sabit qiymət prinsipləri əsasında yeni qurğuların tikintisi həyata keçiriləcək
© Socar.az

Bakı. 1 fevral REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) və “Tecnimont/Kinetics Technology” alyansı arasında zavodun yenidənqurma və modernizasiya layihəsi çərçivəsində yeni qurğuların tikintisi üzrə EPC müqaviləsi imzalanıb.

Bu barədə “Report” SOCAR-a istinadən xəbər verir.

SOCAR Azərbaycanda istehsal olunan neft emalı məhsullarının keyfiyyətini və istehsal həcmini artırmaq məqsədi ilə Heydər Əliyev adına Neft Emalı Zavodunda rekonstruksiya və modernizasiya layihəsini davam etdirir. Layihə çərçivəsində İlkin Detallı Layihələndirmə (FEED) işləri başa çatdırılıb və layihənin növbəti - Layihələndirmə, Satınalma, Tikinti (EPC) mərhələsinin icrası məqsədi ilə tender müsabiqələri keçirilib.

NEZ-in rekonstruksiyasına dair EPC işləri iki hissədən ibarətdir: yeni qurğuların tikintisi və mövcud qurğuların yenidən qurulması. Yeni qurğuların tikintisi üzrə tender 2017-ci il fevralın 10-da elan edilib, seçim prosesində 5 beynəlxalq şirkət iştirak edib. “Maire Tecnimont SpA” şirkətinin törəmə şirkətləri “Tecnimont” və “Kinetics Technology” alyansı tenderdə yüksək yekun göstəricilər qazanaraq, yeni obyektlərin tikintisi üçün EPC podratçısı seçilib. Müqaviləyə əsasən, 10-dan çox istehsal qurğusunun tikintisini nəzərdə tutulur. Mövcud qurğuların və ümumizavod təsərrüfatı obyektlərinin yenidən qurulması isə ötən ilin dekabr ayında digər tenderin qalibi olan “Técnicas Reunidas” şirkətinə həvalə olunub. 

“SOCAR Tower”də keçirilən imzalanma mərasimində hər iki tərəfdən yüksək vəzifəli şəxslər, həmçinin İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari iştirak ediblər. Müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayilov və “Maire Tecnimont S.p.A.” şirkətlər qrupunun baş icraçı direktoru Pierroberto Folgiero imzalayıblar. 

İmzalanma mərasimində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, SOCAR bu gün “Euro-5” standartına cavab verəcək yüksək keyfiyyətli dizel, benzin və digər yanacaq məhsullarının istehsalına daha bir addım yaxınlaşır: “Maire Tecnimont SpA” dünyanın aparıcı şirkətlərindən biridir. Əməkdaşlığımız yaxın illərdə Azərbaycanın daxili bazarını yüksək keyfiyyətli yanacaqla təmin etməyə, ölkəmizin ixrac gəlirlərini artırmağa imkan yaradacaq”. 

“Maire Tecnimont S.p.A.” şirkətlər qrupunun baş icraçı direktoru Pierroberto Folgiero çıxışında qeyd edib ki, şirkətin Azərbaycanda həyata keçirdiyi iki strateji neft-kimya layihəsindən sonra, bu müqavilə “Maire Tecnimont” qrupuna emal işində SOCAR ilə məhsuldar münasibətlər qurmağa, neft-kimya sənayesi ilə inteqrasiya strategiyasını dəstəkləməyə imkan verəcək: “Biz ölkənin karbohidrogen ehtiyatlarının işlənməsi üzrə daunstrim sektorunda belə bir nüfuzlu müştəri ilə münasibətləri davam etdirməkdən həqiqətən qürur duyuruq”. 

O həmçinin qeyd edib ki, “Maire Tecnimont” şirkəti SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıqda yerli kadrların birgə hazırlanmasını davam etdirmək və yeni müqavilənin imzalanmasından sonra bu işləri daha da genişləndirmək niyyətindədir. 

Qeyd edək ki, emal zavodunun yenidənqurma layihəsi podratçı şirkətlər - SOCAR-KBR/KBR alyansı tərəfindən idarə olunur. Layihənin 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur. I mərhələdə 2018-ci ildə yeni bitum qurğusu və müvafiq ümumzavod təsərrüfatı qurğuları, eləcə də yeni maye qazdoldurma məntəqəsi tikilib istismara veriləcək. II mərhələdə 2020-ci ilin sonunadək “Euro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işləri müəyyənləşdirilib. III mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Euro-5” keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası nəzərdə tutulub.

Modernizasiya layihəsinin həyata keçirilməsi istehsal edilən yanacağın keyfiyyətini "Euro-5" standartına uyğunlaşdırmağa və istehsal həcmini ildə 7,5 milyon tona çatdırmağa imkan verəcək. Rekonstruksiya Azərbaycanın ixrac potensialını və NEZ-in gəlirliliyini artıracaq, həmçinin “Azərikimya” İB-nin sabit xammal təchizatını təmin edəcək. Layihə nəticəsində NEZ-in əməliyyat xərclərinin optimallaşdırılması, habelə Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması gözlənilir. 

Milan Fond Birjasının reyestrinə daxil olan “Maire Tecnimont S.p.A.” şirkətlər qrupu mühəndislik, satınalma və tikinti işlərini həyata keçirir və texnologiyaların hazırlanması üzrə, energetika, neft-qaz, neft-kimya, habelə infrastruktur layihələrində dünyanın aparıcı müəssisələrindən biridir. 40 ölkədə nümayəndəliyi olan və 50 şirkətə nəzarət edən “Maire Tecnimont S.p.A.” şirkətlər qrupunda təxminən 8 minə yaxın işçi çalışır. “Tecnimont/Kinetics Technology” Alyansı qeyd olunan şirkətlər qrupunun tərkib hissəsidir və hər iki şirkət oxşar sahələrdə fəaliyyət göstərir. “Tecnimont” şirkəti Azərbaycanda həm də SOCAR-ın neft-kimya sənayesində reallaşdırdığı "SOCAR-Polymer" layihəsinə EPC podratçı qismində cəlb edilib, yeni polipropilen və yüksək sıxlıqlı polietilen zavodlarının inşası çərçivəsində mühəndislik, təchizat və tikinti üzrə müqavilələr imzalayıb.                               

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi