Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Qarabağ” yatağında qısa müddətdə neft hasilatına başlayacağını ümid edir.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bildirib.
“Bizim neft hasilatımızın əsas həcmi “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşür. Əsas məqsədimiz neft hasilatının aşağı düşmə sürətini sabitləşdirmək və sonra müəyyən bir vaxtı bu səviyyədə saxlamaqdır. Eyni zamanda, yeni yataqların mənimsənilməsidir”, - o bildirib.
O qeyd edib ki, “Qarabağ” yatağı neft hasilatı baxımından perspektivlidir: "Equinor” şirkəti təəssüf ki, ölkəni tərk edib. Amma istənilən halda bu, yeni imkanlar açır. SOCAR bu layihədə öz payını alıb və hazırda iştirak payının 100 %-nin sahibdir”.
B.Hüseynov əlavə edib ki, ümumilikdə SOCAR yatağın istismara verilməsi ilə bağlı uzunmüddətli dövrdən - 7 il və daha çox müddətdən uzaqlaşaraq 3-5 il ərzində yeni yataqları hasilat mərhələsinə çatdırmağı qarşısına məqsəd qoyub: “Ancaq “Qarabağ” yatağına gəlincə, burada artıq quyular var ki, onlardan 3-ü kəşfiyyat, 1-i isə qiymətləndirmə quyusudur. Ona görə də ümid edirik ki, bu yataqda hasilat tez bir zamanda başlayacaq”.
Yatağın işlənməsinin şirkətin öz vəsaiti hesabına maliyyələşdirilməsinə gəlincə, B.Hüseynov qeyd edib ki, indiki dövrdə karbohidrogen layihələrinə vəsait cəlb etmək çox çətindir, çünki şirkətlər “yaşıl enerji” layihələrinə sərmayə yatırmağa üstünlük verirlər: “Bununla belə, BP kimi iri şirkətlər hələ də Azərbaycanda neft-qaz layihələrinə maraq göstərirlər”.
Vitse-prezident həmçinin bildirib ki, SOCAR Qazaxıstan, Özbəkistan və İraqda yataqların işlənməsinə maraq göstərir.