SOCAR-ın Türkiyədəki NEZ-i oktyabrda xam neft idxalını 12 %-dən çox artırıb
- 29 dekabr, 2021
- 12:35
Bu ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu 987 min 620 ton xam neft idxal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 110 min 063 ton və ya 12,5 % çoxdur. Bu, Türkiyəyə idxal edilən xam neftin 23,48 %-i deməkdir.
Bu ilin oktyabr ayında ümumilikdə Türkiyə xam neft idxalını 24,25 % arıtraraq 2 milyon 893,2 min ton təşkil edib.
Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavodun illik xam neft emal gücü 10 milyon tondan bu il 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.