SOCAR-ın işçilərinin sayı və orta əməkhaqqı məbləği açıqlanıb
- 15 dekabr, 2023
- 08:58
Ötən il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə işçilərin orta aylıq əməkhaqqı 1 min 646,62 manat təşkil edib.
Bu barədə “Report” SOCAR-ın 2022-ci ilin hesabatına istinadən xəbər verib.
Hesabata əsasən, bu, 2021-ci illə (1 min 334,02 manat) müqayisədə 312,6 manat və ya 23 % çoxdur.
2022-ci ildə SOCAR üzrə cəmi hesablanmış əməkhaqqı və digər ödənişlər 948,55 milyon manat olub ki, bu, 2021-ci illə (787,35 milyon manat) müqayisədə 161,2 milyon manat və ya 20 % çoxdur.
2022-ci ildə işçilərə cəmi hesablanmış əməkhaqqı və digər ödənişlərin tərkibində vəzifə (tarif) maaşının məbləği 480,67 milyon manat və ya əməkhaqqı fondunda xüsusi çəkisi 51 % təşkil edib.
”SOCAR üzrə orta aylıq əməkhaqqının artmasının bəzi səbəbləri işçilərin tarif (vəzifə) maaşlarının 1 yanvar 2022-ci il tarixdən 20 % artırılması, eyni zamanda peşəkarlığa və aparıcı, məsul işçilərə və səlahiyyətə görə təyin edilmiş aylıq əlavə ödəniş məbləğlərinin 1 yanvar 2022-ci il tarixdən bərpa (1 iyul 2020-ci il tarixdən sonrakı dövrdə peşəkarlığa və aparıcı, məsul işçilərə və səlahiyyətə görə təyin edilmiş aylıq əlavə ödəniş məbləğləri 50 % azaldılıb) olunması ilə əlaqəlidir”,- hesabatda deyilir.
Xatırlasdaq ki, 2022-ci il üzrə SOCAR-da çalışan işçilərin orta siyahı sayı 48 042 nəfər təşkil edib.