SOCAR-ın Daxili Təqaüd Proqramının yeni qalibləri müəyyənləşib

SOCAR-ın Daxili Təqaüd Proqramının yeni qalibləri müəyyənləşib Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün SOCAR Towerdə şirkətin əsas sosial məsuliyyət layihələrindən olan Daxili Təqaüd Proqramı çərçivəsində 2016-2017-ci tədris ilinin nəticələrinə əsasən, təqaüd qazanmış tələbələrə təqaüd kartlarının təqdimolunma mərasimi keçirilib.
Energetika
13 Dekabr , 2017 16:54
SOCAR-ın Daxili Təqaüd Proqramının yeni qalibləri müəyyənləşib
Report/ Orkhan Azim

Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün "SOCAR Tower"də şirkətin əsas sosial məsuliyyət layihələrindən olan Daxili Təqaüd Proqramı çərçivəsində 2016-2017-ci tədris ilinin nəticələrinə əsasən, təqaüd qazanmış tələbələrə təqaüd kartlarının təqdimolunma mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimdə həmçinin Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) ilə SOCAR arasında mövcud sazişə uyğun olaraq, Şirkətin struktur bölmələrində təcrübə keçmiş 24 nəfər ASAN könüllüsünə sertifikatlar da təqdim olunub.

Mərasimdə təqdimatla çıxış edən Şirkətin İnsan Resursları Departamentinin nümayəndəsi Roman Süleymanov qeyd edib ki, SOCAR-ın Daxili Təqaüd Proqramı perspektivli gənclərə daha effektli təhsil almaq üçün səmərəli şərait yaradır: "Digər tərəfdən hər il bu müsabiqənin keçirilməsi özü-özlüyündə bütün tələbələri daha çox çalışmağa, öz potensiallarını reallaşdırmağa təşviq edir".

O bildirib ki, SOCAR 2005-ci ildən təsis etdiyi Daxili Təqaüd Proqramı üzrə artıq 19 müsabiqə keçirib, bu müsabiqələrə 21 mindən çox tələbə cəlb olunub, onlardan 2 minə yaxın tələbə Şirkətin təqaüdünə layiq görülüb. Onun sözlərinə görə, bu illər ərzində Daxili Təqaüd Proqramının məzunu olan 209 nəfər SOCAR-ın struktur bölmələrində müsabiqədənkənar işə qəbul edilib. Onlardan 93 nəfəri güzəştli şərtlər əsasında mənzillə təmin edilib: "Bu il Daxili Təqaüd Proqramına 2 157 tələbə müraciət edib, 70 nəfər isə təqaüdə layiq görülüb. İndiyədək Daxili Təqaüd Proqramını qazanmış 1 988 nəfərdən 36 nəfər həm də Xarici Təqaüd Proqramını qazanıb".

SOCAR-la "ASAN Xidmət" arasındakı tərəfdaşlıq çərçivəsində 24 nəfər ASAN könüllüsü Şirkətin struktur bölmələrində təcrübə keçmək şansından yararlanıb, Geofizika və Geologiya İdarəsidə, Neft Kəmərləri İdarəsində, "Neftqaztikinti" Trestində, Qaz ixrac İdarəsində, Kompleks Qazma İşləri Trestində, Əmək şəraiti normalarının işlənməsi İdarəsində, "Azneft" İB-də, İnformasiya Texnologiyaları və Rabitə İdarəsində və Baş ofisin İnsan Resursları Departamentində istehsalat təcrübəsi keçiblər.

Tədbirdə çıxış edən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, Azərbaycanın müstəqilliyinin və Heydər Əliyevin enerji strategiyasının təntənəsidir ki, bu gün ölkə gəncləri iqtisadi nailiyyətlərdən bəhrələnir və artıq dünyada tanınmış şirkətlərdən olan SOCAR-ın təqaüdünə layiq görülürlər: "Azərbaycan, SOCAR-ın timsalında, son illərdə əldə etdiyi imkanlardan yararlanaraq bu gün cəmiyyətimizin dayanıqlı inkişafına, bir sözlə, gələcəyimizə sərmayə qoyur. Siz gələcəyin qurucuları kimi bu gün qazandığınız nəzəri bilikləri təcrübədə tətbiq etməlisiniz. Sizin hər birinizə təhsildə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

O, bu ilin neft sektoru üçün mühüm hadisələr - "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə Hasilatın Pay Bölgüsü sazişinin uzadılması, 2 milyardıncı ton neftin hasil olunması ilə yadda qaldığını qeyd edib.

Tədbirdə çıxış edən SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qeyd edib ki, gələcəyimizə qoyulan ən dayanıqlı sərmayə Azərbaycan insanına qoyulan sərmayədir. Ölkə Prezidenti İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirək” tövsiyəsini əldə rəhbər tutaraq gələcəyimiz olan gənclərə sərmayə qoymaqdan qürur duyuruq. Bu gün ölkəmizin ali məktəblərində təhsil alan bütün tələbələrə SOCAR-ın layihələrində iştirak etmək və çoxminli neftçi ailəsinin üzvünə çevrilmək imkanı yaradılıb. Bunun üçün nəzəri biliklərə yüksək səviyyədə sahib olmaq, müasir texnologiyardan istifadə etmək bacarığına yiyələnmək lazımdır. Azərbaycan iqtisadiyyatının flaqmanı SOCAR indiyə qədər olduğu kimi, bundan sonra da bu strateji istiqamətdə sərmayə yatırmaqda davam edəcək".

Qeyd edək ki, Daxili Təqaüd Proqramı ilə yanaşı SOCAR 2006-cı ildən etibarən Xarici Təqaüd Proqramını, 2010-cu ildən isə məqsədi tələbələrin neft-qaz sənayesi üzrə təcrübi biliklərinin artırılması, Şirkətin müəssisələrində real iş şəraiti ilə yaxından tanış olmaları, nəzəri biliklərinin təcrübədə tətbiqindən ibarət olan “Ödənişli Yay Təcrübəsi” Proqramını təşkil edir. Prezident İlham Əliyevin fərmanı ilə SOCAR-ın strukturunda yaradılmış Bakı Ali Neft Məktəbi beynəlxalq tədris proqramı əsasında Azərbaycanda və xaricdə həyata keçirilən beynəlxalq layihələrdə işləyə biləcək müasir biliklərə yiyələnib, yüksək ixtisaslı ingilisdilli mütəxəssislər hazırlayır. Qısa müddət ərzində texniki ixtisaslar üzrə ali təhsil müəssisələrinin liderinə çevrilmiş Məktəbin ilk 102 məzunu bu il müstəqil həyata vəsiqə qazanıb. Şirkətin Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirdiyi layihəsi çərçivəsində uşaq evlərində tərbiyə almış 120-dək gənc SOCAR-ın təlim mərkəzlərində müxtəlif peşələrə yiyələnərək Şirkətin strukturlarında çalışmaq imkanını qazanıb, mənzillərlə təmin olunub.

Son xəbərlər

Orphus sistemi