Yuxarı

SOCAR Gürcüstana qazın nəqlini 11-13% artıra bilər

Hazırda Şirkət Gürcüstana gündəlik 6,2-6,3 mln. kubmetr qaz nəql edir

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstana nəql etdiyi qazın həcmini gündəlik 7 mln. kubmetrə qədər artırması mümkündür. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə qurumu - “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov məlumat verib.

Qeyd edək ki, hazırda SOCAR-ın öz magistral qaz kəməri ilə Gürcüstana gündəlik 6,2-6,3 mln. kubmetr həcmdə qaz nəql olunur.

Bundan başqa, Bakı-Tbilisi-Ərzurum boru kəməri (Cənubi Qafqaz boru kəməri) ilə gündəlik təxminən 2,8-3 mln. kubmetr "Şahdəniz-1" qazı nəql edilir.

Xatırladaq ki, dünən Tbilisidə SOCAR nümayəndələri və Gürcüstanın hökumət rəsmiləri arasında görüş keçirilib. Görüşdə Gürcüstanın qış mövsümündə təbii qaza artan tələbatının tam ödənilməsi üçün mövcud qaz kəmərlərinin texniki vəziyyəti  və nəqlin artırılması imkanları ilə bağlı məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan tərəfdən SOCAR prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə, "SOCAR Energy Georgia”nın baş direktoru Mahir Məmmədov, Gürcüstan tərəfdən isə bu ölkənin baş naziri Georgi Kvirikaşvili, energetika naziri Kaxa Kaladze və digər rəsmilər iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi