"SOCAR-Fugro"nun baş direktoru: "Heç bir işçimiz ixtisar olunmayıb"

"SOCAR-Fugro"nun baş direktoru: "Heç bir işçimiz ixtisar olunmayıb" Kris Mott: "Heydər Əliyev adına Neft Emalı Zavodunda görülən işlər strateji addımdır"
Energetika
2 Mart , 2016 14:45
SOCAR-Fugronun baş direktoru: Heç bir işçimiz ixtisar olunmayıb

Bakı. 2 mart. REPORT.AZ/ "Dünya bazarında neftin qiymətinin kəskin düşməsinə baxmayaq, biz heç bir işçimizi ixtisar etməmişik". "Report" xəbər verir ki, bunu "Caspian Energy" jurnalına müsahibəsində "SOCAR-Fugro" MMC-nin baş direktoru Kris Mott (Chris Mott) bildirib.

"Dünya bazarında neftin qiymətinin kəskin düşməsi neft-qaz sənayesinin fəaliyyətinə mənfi təsir göstərib. Beynəlxalq neft şirkətləri maliyyə itkiləri ilə üzləşir. Xidmət sahəsində fəaliyyət göstərən bir çox şirkətlər işçiləri ixtisar edir. Biz isə heç bir işçimizi ixtisar etməmişik. Bu vəziyyət Azərbaycanda səciyyəvi deyil", - deyə K.Mott qeyd edib.

O əlavə edib ki, bir çox böyük layihələr davam etdirilir: "Sıxıntılı vəziyyət burada digər yerlərdəki kimi hiss olunmur".

K.Mott Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernləşdirilməsi layihəsi çərçivəsində imzalanan müqavilədən də danışaraq qeyd edib ki, zavodda bu işlərin görülməsi strateji addımdır. Qeyd edək ki, fevralın 22-də Zavodun yenidən qurulması və modernləşdirilməsi layihəsi çərçivəsində ''SOCAR-Fugro'' ilə müqavilə imzalanıb. Müqavilə çərçivəsində müəssisənin daxilində və ətrafında ilkin geotexniki, ətraf mühit, hidroloji-hidrogeoloji və geofiziki qrunt tədqiqatlarının aparılması, yekun olaraq hesabat və digər aidiyyəti sənədlərin hazırlanması nəzərdə tutulur. Əldə olunacaq məlumatlar müvafiq layihəçi şirkətə təqdim ediləcək və layihənin növbəti mərhələlərində istifadə olunacaq. Bu işlərə “SOCAR-Fugro” ilə birlikdə SOCAR-ın Geologiya və Geofizika İdarəsi də cəlb edilib.

Xatırladaq ki, ''SOCAR-Fugro'' MMC 2013-cü ildə yaradılıb (SOCAR - 51%, "Fugro N.V." (Hollandiya) - 49%). Şirkət dənizdə mühəndis-geoloji tədqiqat, geokimyəvi və stratiqrafik axtarış, naviqasiya və mövqeləndirmə təminatı işlərinin yerinə yetirilməsi, laboratoriya tədqiqatları, analiz və hidrotexniki qurğulara nəzarət, geofiziki tədqiqatların nəticələrinin emalı və interpretasiyası ilə məşğuldur.

Son xəbərlər

Orphus sistemi