​SOCAR-da Rusiyanın aparıcı KİV nümayəndələri ilə görüş keçirilib

​SOCAR-da Rusiyanın aparıcı KİV nümayəndələri ilə görüş keçirilib Jurnalistlərə şirkətin fəaliyyəti barədə məlumat verilib
Energetika
29 Oktyabr , 2015 16:11
​SOCAR-da Rusiyanın aparıcı KİV nümayəndələri ilə görüş keçirilib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində parlament seçkiləri ərəfəsində Azərbaycana gəlmiş Rusiyanın aparıcı KİV nümayəndələrinin bir qrupu ilə görüş keçirilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, şirkətin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov iştirak edib.

Görüşdə çıxış edən X.Yusifzadə jurnalistlərə Azərbaycan neft-qaz sənayesinin tarixi, gələcək perspektivləri haqqında ətraflı məlumat verib, "Azəri-Çıraq-Günəşli" və Bakı-Tbilisi-Ceyhan layihələrinin önəmini vurğulayıb.

O, Rusiya ilə Azərbaycan arasında ictimai həyatın bütün sahələrində dostluq və strateji tərəfdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu bildirib, iki ölkənin neft-qaz sektorunda böyük təcrübəyə malik əməkdaşlıq əlaqələrinin bu münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edib.

X.Yusifzadə Rusiya və Azərbaycan neftçiləri arasında həmişə mehriban və səmimi işgüzar münasibətlər olduğunu xatırladıb və bu münasibətlərin yeni dövrdə inkişaf etdirildiyini diqqətə çatdırıb. O, iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin görüşlərinin neft-qaz sənayesində əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsi üçün mühüm töhfələr verdiyini qeyd edib.

SOCAR-ın Strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edən enerji strategiyası çərçivəsində qazanılan nailiyyətlərdən danışıb, aşkar edilmiş yeni neft-qaz yataqları, şaxələndirilmiş neft-qaz kəmərləri sistemi, enerji sektoruna yatırılan sərmayələr, eləcə də işlənilən yataqlarda hasilatın stabilliyinin uzun müddət saxlanılması və artırılması istiqamətində görülən işlər barədə ətraflı söz açıb.

O bildirib ki, SOCAR artıq beynəlxalq şirkətə çevirilib və bir çox beynəlxalq layihələrin iştirakçısıdır. Tofiq Qəhrəmanov hazırda ölkəmizin Avropanın ən iri infrastruktur layihəsini - Cənub Qaz Dəhlizi layihəsini həyata keçirdiyini, bu dəhlizin tərkib hissələri olan TANAP və TAP qaz kəmərləri üzrə işlərin gedişi haqqında məlumat verib. T.Qəhrəmanov SOCAR-ın Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsi haqqında da jurnalistləri məlumatlandırıb, kompleksin inşasının SOCAR-ın böyük nailiyyətlər əldə etməsinə yeni imkanlar yaradacağını qeyd edib. Şirkətin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov SOCAR-ın bu gün Azərbaycanda müşahidə olunan genişmiqyaslı sosial-iqtisadi yüksəlişin önündə getdiyini vurğulayıb. O, Beynəlxalq aləmdə nüfuz qazanmış SOCAR-ın bu gün dünyada 13 nümayəndəlik açdığını, gənclər üçün Xarici təqaüd Proqramı həyata keçirdiyini, ingilisdilli neftçi kadrlar hazırlayan Bakı Ali Neft Məktəbinin, eləcə də savadlı və peşəkar fəhlə kadrlar hazırlayan Təlim Mərkəzlərinin fəaliyyət göstərdiyini qeyd edib. 

Sonra SOCAR rəsmiləri rusiyalı jurnalistləri maraqlandıran sualları cavablandırıb, media mənsubları Azərbaycanın neft-qaz sənayesi haqqında qısa filmə baxıblar. 

Son xəbərlər

Orphus sistemi